Dünyada QİÇS-ə yeni yoluxma halları durmadan azalır

Tarix : 2019/11/27 14:05     Kateqoriya : SƏHİYYƏ    


	Dünyada QİÇS-ə yeni yoluxma halları durmadan azalır

Son illər QİÇS-ə yeni yoluxma halları tədricən azalır. Lakin bu tendensiya xəstəliyin sürətlə artdığı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində müşahidə olunmur.

Bu məlumatlar BMT-nin QİÇS üzrə Vahid Proqramının (UNAID) hesabatında yer alıb. Bu sənəd dekabrın 1-də qeyd olunacaq Dünya QİÇS-lə Mübarizə Günü ərəfəsində dərc olunub. Onun müəllifləri əmindirlər ki, immunçatışmazlığı virusu ona yoluxanların və ictimai təşkilatların xəstəlik barəsində informasiya əldə edə bildikləri bölgələrdə, xəstələrin zəruri tibbi xidmət aldıqları və heç bir təhqirə, ayrı-seçkiliyə məruz qalmadığı yerlərdə azalır.

UNAIDS təşkilatının icraçı direktoru Vinni Byanima yeni hesabatın Keniyada təqdimatı mərasimində deyib: “Ayrı-ayrı insanların və vətəndaş cəmiyyətinin hüquq və imkanlarının olduğu yerlərdə hər şey müsbət istiqamətdə dəyişir”.

Hesabatda qeyd olunur ki, bütün dünyada QİÇS-ə yoluxma halları, bu xəstəliklərdən ölənlərin sayı durmadan azalır. İndi daha çox insan müalicə olunmaq imkanına malikdir. Lakin epidemiya hələ yayılmaqdadır: 2018-ci ildə 1,7 milyon insan bu virusa yoluxub. Eyni zamanda, bu göstərici 2010-cu il ilə müqayisədə 16 faiz azdır. Azalma əsasən Şərqi və Cənubi Afrika ölkələrində baş verib. Bu regionlarda yeni yoluxma halları 28 faiz azalıb.

Amma Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində həmin dövrdə təhlükəli virusa yoluxanların illik sayında 29 faiz artım olub. Bu mənfi göstərici Yaxın Şərq və Şimali Afrikada 10 faiz, Latın Amerikasında 7 faiz təşkil edir.

QİÇS-ə yeni yoluxma hallarının yarıdan çoxu narkotik maddə istifadəçilərinin, gey və transgender qadınların, seks işçilərinin və onların müştərilərinin payına düşür. Vinni Byanima əmindir ki, onların hüquq və imkanlarının genişləndirilməsi də epidemiyaya son qoymağa kömək edəcək. O əlavə edib: “Sosial ədalətsizlik, bərabərsizlik, həmçinin təqib və ayrı-seçkilik QİÇS-ə qarşı gələcək mübarizəyə və dayanıqlı inkişaf Hədəflərinə nail olmağa əngəl törədir”.

2019-cu ildə dünyada QİÇS-ə yoluxanların sayı 37,9 milyon nəfərdir. Onlardan 24,5 milyonu müalicə olunur. Ekspertlər qeyd edirlər ki, retrovirus preparatlarının əlçatan olması sayəsində bu xəstəlikdən ölənlərin sayı da azalır.

Könüllülük və gizlilik əsasında QİÇS testləri ilə bağlı yeni yanaşmalar bir çox insana xəstəliyi ilkin mərhələdə aşkar etməyə və erkən müalicəyə başlamaqla ayrı-seçkiliyə məruz qalmamağa imkan verir. Lakin cəmiyyətdə ayrı-seçkilik və bərabərsizliyin olması virusun yayılmasının qarşısını almağa mane olur. Hər həftə 15-24 yaş arasında olan 6 minə yaxın gənc qadın virusa yoluxur. 2018-ci ildə 14 yaşınadək 160 min uşaq da QİÇS virusunun daşıyıcısına çevrilib. Bu gün UNICEF-in dərc etdiyi yeni hesabatda qeyd olunur ki, hər gün bu amansız xəstəlikdən 320, hər saat isə 13 uşaq və yeniyetmə ölür.

UNAIDS QİÇS-lə mübarizəni gücləndirməyə, bu məqsədlər üçün daha çox vəsait ayırmağa və bu problemlə məşğul olan ictimai təşkilatlara, habelə xəstələrin özlərinə hər cür dəstək göstərməyə çağırıb.

AZƏRTAC