Beynəlxalq fransız dili müəllimlərinin peşə günü münasibətilə tədbir keçirilib 

Tarix : 2019/11/28 15:57     Kateqoriya : TƏHSİL    


	Beynəlxalq fransız dili müəllimlərinin peşə günü münasibətilə tədbir keçirilib 

 Noyabrın 28-də Azərbaycan Dillər Universitetində Beynəlxalq fransız dili müəllimlərinin peşə günü münasibətilə tədbir keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən “Faktat.az”-a verilən məlumata görə, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov tədbir iştirakçılarını salamlayıb, Beynəlxalq fransız dili müəllimlərinin peşə günü münasibətilə qonaqları təbrik edib.

Qeyd olunub ki, ADU-da təhsil alan tələbələr arasında fransız dilinə maraq olduqca yüksəkdir. Burada fransız dilini tədris edən müəllimlərin bilik və bacarıqları yüksək səviyyədədir. Azərbaycanın Fransa ilə iqtisadi-siyasi, həmçinin təhsil sferasında əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan Dillər Universitetində Fransız dilinin tədrisi və tələbələrin bu dildə öz bilik və bacarıqlarının artırması gələcək inkişaf və karyera imkanları baxımından mühüm hadisədir.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross ADU kollektivini salamlayıb, tədbir təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Səfir ADU-da Fransız dilinin tədrisindən məmnun olduğunu və bunun Azərbaycan-Fransa əlaqələrinin qurulmasında vacib amillərdən biri olduğunu söyləyib. İki ölkə arasında qarışılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Z.Qross Azərbaycan Dillər Universitetinin tələbə və müəllimlərə böyük sərmayə qoyduğunun şahidi olduğunu dilə gətirib. Səfir Azərbaycan və Fransa, həmçinin universitetlər arasındakı əlaqələrin möhkəmlənməsi üçün çoxsaylı işlərin görüləcəyinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.