İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

 
Tarix : 2020/02/10 21:49     Kateqoriya : SİYASƏT    


	İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

	 

Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının qələbəsinin 41-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 41 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif sahələrdə uğurlar qazanıldığını diqqətə çatdırıb.

İran-Azərbaycan münasibətlərindən danışan diplomat deyib ki, iki ölkə arasında dostluq və qardaşlığa, ortaq dini, mədəni və tarixi bağlara əsaslanan əlaqələr gündən-günə inkişaf edir, əbədidir və hazırda ən yüksək səviyyədədir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub. Son illər qarşılıqlı turist mübadiləsinin artması, həmçinin rəsmi şəxslərin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri dostluğun və yüksək münasibətin nəticəsidir. İki dövlət arasında imzalanmış çoxsaylı müqavilələr, müxtəlif sahələrdə icra olunan layihələr, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi bu əlaqələrin inkişafının göstəricisidir.

Baş Nazirin müavini Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Prezident İlham Əliyev və Azərbaycan hökuməti adından səmimi-qəlbdən təbrik edib. Qeyd edib ki, ötən dövrdə İran uğurlu və sürətli inkişaf yolu keçib. İranın əldə etdiyi nailiyyətlər yaxın dost və qonşu ölkə olan Azərbaycanı həmişə sevindirir.

Ş.Mustafayev bildirib ki, qarşılıqlı hörmətə və dostluğa, İslam irsinə əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunu şərtləndirən əsas amil kimi iki ölkə prezidentlərinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır. Dövlətlərimizin başçılarının son illərdə 13 dəfə görüşməsi əlaqələrimizin inkişafına ən yüksək səviyyədə verilən böyük önəmin göstəricisidir.

Baş Nazirin müavini qeyd edib ki, İran İslam Respublikası Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını qınayan ilk ölkələrdəndir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində İranın nümayiş etdirdiyi ədalətli mövqe ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin ruhuna tam uyğundur.

İkitərəfli əməkdaşlığın möhkəm müqavilə-hüquq bazasının yaradıldığını vurğulayan Ş.Mustafayev bildirib ki, indiyədək 150-dən çox sənəd, o cümlədən iqtisadi sahədə bir sıra mühüm sənədlər imzalanıb. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin imzalanması ölkələrimiz arasında çoxtərəfli formatda da əməkdaşlığın genişləndiyini göstərir. Əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın və parlamentlərarası işçi qruplarının da mühüm rolu var. Cari ildə İranda keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Komissiyanın növbəti iclası zamanı da səmərəli müzakirələr aparılacaq, yeni razılıqlar əldə ediləcək.

Ticarət əlaqələrinin inkişafından danışan Ş.Mustafayev qeyd edib ki, 2018-ci illə müqayisədə ötən il qarşılıqlı ticarət dövriyyəsi təqribən 11 faiz artaraq 500 milyon dollara çatıb. Əsas hədəfimiz qarşılıqlı ticarət həcmini daha da artırmaqdır. Bu məqsədlə hər iki ölkədə iş adamlarının iştirakı ilə müntəzəm biznes forumlar, sərgilər və digər işgüzar tədbirlər keçirilir. Qarşılıqlı etimad investisiya sahəsində əməkdaşlığa müsbət təkan verib. İran sahibkarları tərəfindən ölkəmizə 3,5 milyard dollar investisiya yatırılıb. Azərbaycanda sənaye, tikinti, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 1614 İran şirkəti fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun uğurlu fəaliyyəti səmərəli investisiya tərəfdaşlığının bariz nümunəsi olmaqla yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Baş Nazirin müavini vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır. Bu gün böyük əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin reallaşdırılması üçün mühüm addımlar atılır. Ötən il bu dəhliz vasitəsilə 400 min tona yaxın yük daşınıb ki, bu da 2018-ci illə müqayisədə 45 faizədək çoxdur.

Ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, energetika, səhiyyə sahələrində artan əməkdaşlığı xüsusilə qeyd edən Baş Nazirin müavini bildirib ki, İrandan Azərbaycana səfər etmiş turistlərin sayında dəfələrlə artım müşahidə olunub. “ASAN Viza” vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları ön sıralardadır. 2019-cu il dekabrın 1-dən isə Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşlarına münasibətdə viza rejimi aradan qaldırılıb.

Baş Nazirin müavini bildirib ki, Bakı-Tehran hava reysləri ilə yanaşı, artıq Bakı-Təbriz və Bakı-Məşhəd aviareysləri təşkil olunur. Dövlət başçılarının bəyan etdiyi siyasətə uyğun olaraq birgə səylər nəticəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Tədbirdə rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

/AZƏRTAC/