Bu həftə mənzillərin səyyar qeydiyyatı kampaniyası paytaxtın 4 rayonunda keçiriləcək 

Tarix : 2020/02/17 11:22     Kateqoriya : SOSİAL    


	Bu həftə mənzillərin səyyar qeydiyyatı kampaniyası paytaxtın 4 rayonunda keçiriləcək 

Çoxmərtəbəli binalardakı mənzillərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı səyyar aksiya 17-21 fevral tarixlərində Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, qeydiyyat xidməti həftə ərzində 865 mənzilli 5 binanı əhatə edəcək.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət 17 fevralda Xətai rayonu, M. Hadi küçəsi, 106, 18 fevralda Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə ünvanlarında olacaq. Yasamal rayonunda davam edən kampaniya 19 fevralda F. İbrahimov küçəsi, 5, 20 fevralda Yeni Yasamal yaşayış massivi, D. Bünyadzadə küçəsi, 2 ünvanlarındakı binalarda keçiriləcək. Fevralın 21-i isə mobil qeydiyyat xidməti Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən binada göstəriləcək.

Mənzilini dövlət qeydiyyatına almaq istəyən bina sakinləri şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlərlə səyyar xidmət ofisinə yaxınlaşa bilər.