Azərbaycan Dövlət Akademik Filarmoniyası MDB üzrə reytinqdə ilk beşlikdə yer alıb

Tarix : 2020/05/02 14:46     Kateqoriya : MƏDƏNİYYƏT    


	Azərbaycan Dövlət Akademik Filarmoniyası MDB üzrə reytinqdə ilk beşlikdə yer alıb

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı filarmoniyalarının reytinqində ilk beşliyə daxil edilib.

Mədəniyyət Nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, “Turstat” turizm portalının hazırladığı reytinq klassik musiqi konsertlərində iştirak etmək, həmçinin filarmoniyaların saytlarında və sosial şəbəkələr üzərindən onlayn yayımlar əsasında tərtib olunub.

Siyahıya Moskva Dövlət Akademik Filarmoniyası başçılıq edir. D.Åžostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyası və Belarus Dövlət Filarmoniyası  ilk üçlükdə yer alıb.

Cambul adına Qazaxıstan Dövlət Filarmoniyası reytinq cədvəlinin dördüncü, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası isə beşinci sırada qərarlaşıb.

Reytinqdə sonrakı yerləri Özbəkistan, Qırğızıstan, Moldova və digər ölkələrin filarmoniyaları tutub.

Qeyd edək ki, zəngin yaradıcılıq ənənələri olan Azərbaycan Dövlət Akademik Filarmoniyası 1936-cı ildə yaradılıb. Ölkəmizin bu aparıcı konsert təşkilatına 2017-ci ildə “akademik” statusu verilib.

Hazırda mədəniyyət ocağının tərkibində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti fəaliyyət göstərir.