Milli Məclisin deputatı NATO PA-nın komitə iclasında iştirak edib

Tarix : 2020/09/17 15:04     Kateqoriya : PARLAMENT    


	Milli Məclisin deputatı NATO PA-nın komitə iclasında iştirak edib

Sentyabrın 16-da NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən «Fakt-Araşdırma»-ya bildiriblər ki, tədbirə NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatılıblar.

Gündəliyə “Körfəz böhranı və qlobal enerji bazarları”, “Qara dəniz regionu: İqtisadi və geosiyasi gərginliklər” barədə hesabat layihələri və təşkilati məsələlər daxil idi.

Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər, qeyd və təkliflərini verdilər.

İkinci hesabat layihəsinin müzakirəsi zamanı iclasda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini verməkdə davam edir. Lakin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədindəki hərbi təxribatlar bir daha regionun barıt çəlləyi olduğunu nümayiş etdirdi: "Xüsusilə vurğulamaq istərdim ki, Tovuz ətrafında baş vermiş hərbi təxribat enerji xətlərimizdən cəmi 15 km məsafədə idi.

Bütün dünyanın COVID-19 ilə mübarizə apardığı bir dönəmdə Ermənistanın belə bir təxribata əl atması daha da üzücüdür. Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Azərbaycanın işğal altındakı torpaqlarına gələrək qadınlar ilə hərbi təlimlərə qatılması mövcud qığılcımı daha da alovlandırır.

Mən buradan NATO PA-ya səslənərək belə addımların qarşısının alınması üçün ciddi addımların atılmasını təklif edirəm. Bu, Qara dəniz regionunun enerji təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir.

Verilmiş imkanlardan istifadə edərək, qardaş Türkiyədən olan həmkarlarımı Qara dənizin dibində aşkar etdikləri zəngin qaz ehtiyatlarına görə təbrik edirəm. Ümidvarıq ki, aşkar olunmuş qaz yataqları gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət töhfəsini verəcək.

Mən Türkiyə ilə Yunanıstan arasında son vaxtlar artan gərginliklə bağlı da bir neçə cümlə söyləmək istərdim.

Azərbaycanın rəsmi mövqeyi cənab İlham Əliyev tərəfindən aydın şəkildə bəyan olunub. İnanırıq ki, Aralıq dənizinin şərq hissəsində Türkiyənin beynəlxalq hüququn prinsipləri çərçivəsindəki fəaliyyəti bütövlükdə bu bölgədə sülhə və inkişafa xidmət edəcəkdir.

Bildirmək istərdim ki, Azərbaycan ictimaiyyəti NATO-nun Türkiyə ilə Yunanıstan arasında artan gərginliyin azaldılmasındakı rolunu və səylərini çox yüksək qiymətləndirir. Çünki hər iki ölkə NATO-nun üzvüdür. Buradan NATO PA-nın bu məsələ ilə bağlı daha aktiv olmasını təklif edirəm".

Məlahət İbrahimqızının çıxışına münasibət bildirən komitənin latviyalı sədri İvan Klementyev dedi ki, o, iki il öncə Azərbaycanda olub və ölkənin enerji məsələləri ilə yaxından tanışdır. Komitə sədri Avropanın enerji təhlükəsizliyinin təminatına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirdi.

Bununla da NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik komitəsinin videokonfrans formatında iclası başa çatıb.