Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır

Tarix : 2020/09/19 10:17     Kateqoriya : SİYASƏT    


	Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsinə münasibət bildirib.

1988-ci il sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında bu məsələ ilə bağlı fikirlərini bölüşən T.Gəncəliyev deyib: “Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün son zamanlar bu cür aldadıcı və fikiryayındırıcı addımlar atır. Ermənistan parlamenti bu qanun layihəsi ilə qondarma soyqırımı məsələlərini tez-tez gündəmə gətirir. Amma Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən tərəf kimi onların bu qanun layihəsini gündəmə gətirməsi gülüncdür. Qeyd olunan qanun layihəsi tamamilə dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa yönəlib”.

Deputat bildirib ki, Ermənistanın sabiq prezidentləri - Robert Köçəryan və Serj Sarkisyan bilavasitə Xocalıda soyqırımı törətmiş və əlləri qana batmış şəxslərdir. “Düşünürəm ki, Ermənistan parlamenti qanun layihəsi qəbul etmək əvəzinə, Sarkisyan və Köçəryanın soyqırımı cinayətlərində iştirakını mühakimə etsin. Onlar bu zaman daha səmimi görünə bilərlər. Yoxsa soyqırımdan danışan erməni tərəfinin fikirləri qeyri-səmimidir”, - deyə o əlavə edib./AZƏRTAC/