Pakistan səfiri: "Azərbaycana heç kim etiraz edə bilməz"

Tarix : 2020/10/27 13:51     Kateqoriya : SİYASƏT    


	Pakistan səfiri: "Azərbaycana heç kim etiraz edə bilməz"

Pakistanın ölkəmizdəki səfirliyində "Kəşmirin qara günü" adlı tədbir keçirilib. Öncə Qurani-Kərimdən ayə oxunub. Daha sonra Pakistan prezidenti Arif Alvinin və Baş nazir İmran Xanın müraciətləri səsləndirilib.

Faktat.az” Hafta.az-a istinadən xəbər verir ki, hər iki müraciətdə qeyd olunur ki, 73 il əvvəl Kəşmirin ərazisi Hindistan tərəfindən işğal edilib və o vaxtdan başlayaraq müsəlman kəşmirlilərə qarşı sözün əsl mənasında repressiya siyasəti yürüdülür, insanlar təqib olunur, həpsə atılır, öldürülür və sair. BMT Təhlükəsizlik Şurasının Kəşmir mübahisəsi ilə bağlı qətnamələrinin olduğu və və həmin sənədlərdə kəşmirlilərin öz müqəddəratını təyin etmə haqqının tanındığı xatırladılan müraciətlərdə əlavə olunur ki, Hindistan nəinki beynəlxalq hüquqa məhəl qoymur, əksinə, ötən il avqustun 5-dən etibarən Kəşmirdə deoqrafik dəyişikliklər etməyə başlayıb. 

Pakistanın ölkəmizdəki səfiri Bilal Hayi, Azərbaycan ordusunun Qarabağ bölgəsində apardığı hərbi əməliyyatlara da toxunub. Bildirib ki, Azərbaycan uzun müddətdir ermənilərin işğalı altında qalan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlar aparır və buna görə, heç kim ona etiraz edə bilməz. "Biz Azərbaycan ordusunun öz torpaqlarını işğaldan necə azad etdiyini böyük maraqla izləyirik və bunu hüquqi, legitim mübarizə hesab edirik. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Öz ərazinizi, vətəninizi müdafiə etmək sizin haqqınızdır. Buna görə də biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik".

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, Azərbaycan uzun illərdir işğaldan əziyyət çəkir. Artıq bir aydır ki, müzəffər ordumuz əks-hücum əməliyyatı keçirir və bu qısa vaxtda böyük uğurlar qazanıb.

Ombudsmanın sözlərinə görə, Azərbaycan bu müddətdə həm də beynəlxalq hüquqa hörmət edən ölkələri tanıyıb ki, onlardan biri də Pakistandır: “Pakistan dövləti və xalqı ilk gündən bu ədalət mübarizəsində Azərbaycanın yanındadır. Xalqımız dost Pakistan dövlətinin bu əvəzsiz dəstəyini heç vaxt unutmayacaq”.

Ombudsman qeyd edib ki, bu bir ay ərzində Ermənistan ordusunun davamlı və intensiv şəkildə Azərbaycanın mülki əhalisini hədəf alması nəticəsində 10 uşaq həlak olub, 32 uşaq yaralanıb və bir neçə uşaq hər iki valideynini itirib: “Əfsuslar olsun ki, dünya birliyi hələ də bu ədalətsizliyə göz yummaqdadır. Ancaq inanırıq ki, ədalət zəfər çalacaq”.

Bu arada, matəm gününü andığımız Kəşmir xalqının uzun illər yaşadığı faciəyə göz gəzdirmək yerinə düşərdi. 

Qeyd edək ki, Hindistanla Pakistan arasında baş verən bir neçə müharibədən sonra Kəşmir adıçəkilən ölkələr, həmçinin Çin arasında bölünüb. Hazırda Kəşmir ərazisinin 85,8 min kvadratkilometri Pakistan, 101,4 min kvadrat kilometri Hindistan, 37,5 min kvadratkilometri isə Çin ərazisi hesab edilir. Azad Kəşmirin ərazisi isə 56 min kvadratkilometrdir. Paytaxtı Müzəffərabad olan Azad Kəşmir Pakistanla sıx müttəfiqlik əlaqələrinə malikdir. Beynəlxalq aləm tərəfindən tanınmayan bu dövlətin öz hərbi qüvvələri də var.

Onu da deyək ki, BMT 1948-ci ildə Kəşmirdə müstəqillik haqqında referendum keçirilməsi və Hindistan qoşunlarının oradan çıxarılması barədə qətnamə qəbul edib. Ancaq Hindistan bu günə kimi həmin qətnaməni yerinə yetirməyib.

Kəşmirdə buddist və müsəlman əhali arasında ilk konkret parçalanma məsələsi 1931-ci il iyulun 13-də baş verib. Belə ki, Maharaca Xara Sinqə qarşı nitqlə çıxış edən müsəlmanın kəşmirlinin məhkəməsi keçirilən Şrinaqar qalasının qarşısnda 13 müsəlman güllələnir. Üstəlik, hadisədən az sonra Lahorda Əllamə İqbalın başçılığı altında Bütöv Hind Kəşmir Komitəsi yaradılıb. Nəticəsi də bu olur ki, 1947-ci ildə Maharaca Xara Sinqhin əsgərləri minlərlə kəşmir müsəlmanını qətlə yetirir. Çox keçmir ki, məsələ rəsmi Dehlinin gündəniə çıxarılır. 1947-ci il oktyabrın 27-də Hindistan hökuməti ordu göndərərək Cammu və Kəşmiri işğal edir. Kəşmirlilər buna üsyan edərək, ştatın bəzi bölgələrini azad edirlər ki, bu hissə də Azad Cammu və Kəşmir adlanır.

Amma bu sözügedən bölgəyə rifah və rahatlı gətirmir və bu günədək vaxtaşırı ölümlə nəticələnən silahlı hadisələr yaşanır. Hindistanın nəzarətində olan Kəşmirə gəlincə, orada müsəmanların vəziyyəti daha ağırdır. Çıxış yolu kimi, 1986-cı ildə bu ərazilərdəki siyasi partiyalar 1987-ci il seçkilərində fəal iştirak məqsədilə Birləşmiş Müsəlman Cəbhəsi yaradıblar. Amma seçkilərin saxtalaşdırılması və 1988-ci ildə elektrik enerjisinin qiymətinin qaldırılması əhalidə Hindistana qarşı qəzəb oyadıb, xalq küçələrə axışıb etirazını bildirdikdə isə, hind ordusu nümayişçilərə atəş açıb, hərəkatın öncüllərini həps edib və sair.

Əfqanıstanın Sovet işğalından azad olunması və keçmiş sosialist coğrafiyasına yayılan demokratiya dalğası Kəşmirdə azadlıq hərəkatını yenidən alovlandırır. Nəticədə ayağa qalxan müsəlman kəşmirlilərin nümayişlərlə müşayiət olunan mübarizəsi indiyədək davam etməkdədir. Təbii ki, buna əsasları da var. Məsələn, 1989-cu ildə hind əsgərlər məscidi murdarlayır və namaz qılarkən müsəlmanlara zor tətbiq edir. Müfti Səidin qızını oğurlayıb, beş gün sonra buraxırlar. 1990-cı ildə Mir Vaiz Molvi Faruk öldürülür və onun dəfn mərasiminə gələn izdihamın gülləboran edilməsi 50 insanın həyatına son qoyur. 1991-ci ildə Hindistan əsgərləri Kunan Poşpura kəndində bir gecədə 23 qadının namusunu ailələrinin gözü önündə ləkələyir, hansı ki, bu hadisə dünya tərəfindən qınanıb. 1992-ci ildə baş verən bir qarşıdurmada hind ordusu 14 günahsız kəşmirlini öldürür. Müsəlmanlar hadisəyə etiraz edir və bu zaman daha 12 nəfər qətlə yetirilir. 1993-cü ildə Sopor şəhəri bütünlüklə hind əsgərlər tərəfindən yandırılır və 40 sakin öldürülür. 2001-ci ildə Hindistan Pakistanla sərhədə ordu toplayır ki, bu da yeni müharibənin başlama qorxusu yaradır. 2003-cü ildə hind əsgərlər 17 kəşmirlini Damxal Xancorporda, 18 nəfəri isə Baqramolada öldürür. Ümumiyyətlə, indiyədək Kəşmirdə 70 mindən çox müsəlman kəşmirli həlak olub, 1,5 milyonu isə ev-eşiyindən qaçqın düşüb.

Kəşmirdə vəziyyət o həddə pisləşir ki, bu münaişənin ssenari müəllifi olan Böyük Britaniyanın özü etiraz edir. 1995-ci ildə Britaniya insan haqları üzrə parlament qrupunun rəhbəri Erik Avbari Hindistanın işğalı altında olan Kəşmirdəki durumu çağdaş dünyanın ən təhlükəli problem adlandırıb.

Bizdəki məlumata görə, Hidistan tərəfi Kəşmirdə 900 minlik ordu yerləşdirib. Nəzərə alsaq ki, bu gün Kəşmir əhalisinin sayı 8 milyon nəfərdir, deməli hər 10 kəşmirliyə 1 əsgər nəzarət edir. Başqa bir misal göstərək. Hindistanın nəzarətində qalan Kəşmirin ərazisi 220 min kvadratkilometrdir və bu bölgə ərazisində yerləşdirilən silahın həcminə görə dünyada birincidir.