Vətən Müharibəsi yaradıcılıq sahəsində... - ARAŞDIRMA

Tarix : 2020/10/29 11:59     Kateqoriya : ARAŞDIRMA    


	Vətən Müharibəsi yaradıcılıq sahəsində... - ARAŞDIRMA

Hər anı illərə bərabər günləri yaşayırıq hər birimiz. Bu günlərdə, uzun zamandır həsrətində olduğumuz torpaqlarımızın azad edilməsi uğrunda bütün sahələrdə yumruq kimi birləşmişik. Sanki qüdrətli Azərbaycan Ordusu da bu mənəvi gücü öz arxasında hiss edir. Demək olar ki, hər gün yeni-yeni yüksəkliklər, kəndlər və rayonlar mənfur düşmənin əsarətindən azad edilir.

Bu tarixi zəfərin gələcəyə və dünyaya çatdırılması üçün müxtəlif üsullar möcuddur. Bunlardan biri də yaradıcılıqdır. Elə son günlərdə yaradıcılıq sahəsində görüləcək işlər, yazılacaq mahnılar, şeirlər, çəkiləcək filmlər insanlarda ruh yüksəkliyi yaratmağa xidmət edəcək. Bəs görəsən, incəsənət adamları mövcud vəziyyətlə bağlı hansı işlər görür? Ölkədə hərbi mövzuda filmlər, mahnılar hazırlanırmı?

Hafta.az mövzu ilə bağlı suallarını mütəxəssislərə ünvanladı.

İlk olaraq üz tutduq Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə. O deyir ki, hazırda hərbi-vətənpərvərlik mövzusunda əsərlər yazılıb və yazılmağa davam edir. Elə bu yaxınlarda 32 nəfərin siyahısını Mədəniyyət Nazirliyinə təhvil veriblər, onların əsərləri müharibə başladıqdan sonra yazılıb, hər biri yenidir:

"Burada qocaman bəstəkarımız Tofiq Bakıxanovun da əsəri var. Bu gün onun 90 yaşı tamam olur, bu münasibətlə böyük bir tədbir hazırlayırdıq, ancaq, təəssüflər olsun ki həm pandemiya həm də müharibə şəraiti olduğu üçün təxirə salındı".

Sədr bildirir ki, Bəstəkarlar ittifaqına şairlər tez-tez vətənpərvərliklə bağlı şeirlər göndərib xahiş edirlər ki, yeni əsərlər onların şeirlərinə yazılsın:

"Biz hər zaman bildiririk ki, bəstəkar azaddüşüncəli insanlardır. Yazılacaq əsərə özləri qərar verir. Ancaq buna baxmayaraq, yeni və gözəl şeirlər var ki, onlar insanı ruhlandırır, ilhamlandırır. Biz də həmin əsərləri bəstəkarlarımıza təqdim edirik".

F.Əlizadə söyləyir ki, pandemiya ilə bağlı olaraq son zamanlar insan sıxlığını azaltmaq üçün müəyyən tədbirlər görmüş olsalar da, telefon və internet vasitəsilə çox işlər görülür. Burada, Cəlal Abbasov, Eldar Babayev, Lalə Cəfərova, Azər Dadaşov, Elnarə Dadaşova, Kəmalə Əlizadə, Fərid Fətullayev, Elza Seyidcahan, Cavanşir Quliyev, Eldar Mansurov, Tural Məmmədli, Nailə Mirməmmədli, Aygün Səmədzadə, Nərminə Nağıyeva kimi bəstəkarların fəaliyyətini xüsusilə qeyd etmək lazımdır:

"Nərminə Nağıyeva Mübariz İbrahimova həsr edilən birpərdəli opera yazdı. Ramil Qasımovun layihəsi çərçivəsində səhnə tamaşa qoyuldu və yanvar ayında təqdim edildi. Bundan əlavə, Azad Zahidin mahnıları, demək olar ki, hər gün efirlərdə səslənir, kliplər çəkilir".

Sonda isə bəstəkar hazırda özünün yazdığı hərbi marşın studiyada hazırlıq işlərinin getdiyini və 2-3 günə təqdim ediləcəyini də qeyd etdi.

Yaradıcılığında vətənpərvərlik mövzusuna yer ayıran digər həmsöhbətimiz isə rejissor Cavid Təvəkkül oldu. O deyir ki, hazırda tarixi anlar yaşayırıq və onu vizual sənətə çevirmək mütləqdir:

"Mövzu ilə bağlı hamının əvəzindən mən danışa bilmərəm, ancaq yəqin ki, rejissorlar bununla əlaqədar işləyirlər. Düşünürəm ki, bu, bir müddət sonra özünü göstərəcək. Şəxsən mən vətənpərvərlikıə bağlı hal-hazırda xırda cızma-qaralar edirəm. Bu böyük ssenarinin başlanğıcıdır. Daha sonra biz buna maliyyə tapa biləcəyikmi, onu deyə bilmərəm. Hər bir halda məsələyə laqeyd yanaşmaq olmaz. Baş verənlər tarixi hadisələrdir. 250 ildə ilk dəfədir ki, Azərbaycan öz işğal olunmuş torpaqlarını geri qaytarır. Bunu mütləq surətdə vizual sənətə, görüntüyə çevirmək lazımdır".

Əməkdaşımız mövzu ilə əlaqədar Azərbaycanın Xalq artisti Rasim Balayevin də fikirlərini öyrəndi. Aktyor bildirdi ki, hal-hazırda bununla bağlı görülən işlərdən xəbərsizdir, lakin vətənpərvərlik mövzusunda film çəkmək mütləqdir:

"Mən təqaüdə çıxmış adamam, buna görə də Mədəniyyət Nazirliyinə vətənpərvərliklə bağlı ssenarilər verilirmi, bununla bağlı cəhdlər olurmu, deyə bilmərəm, onlar kinonun çəkilişi və maliyyə məsələləri ilə özləri məşğul olurlar. Onu deyə bilərəm ki, vətənpərvərlik mövzusunda mütləq yaxşı əsərlər çəkmək lazımdır".

Bütün cəhdlərimizə rəğmən Mədəniyyət Nazirliyindən mövzu ilə bağlı məlumat ala bilməsək də, bunu deyə bilərik ki, növündən asılı olmayaraq, yaradıcılığın bütün sahələrində hərbi vətənpərvərlik mövzusuna yer ayırmaq indiki məqamda ən yaxşı ilham mənbələrindən biri olardı. Bunu da unutmayaq ki, tarixin səhifələrinə hekayənin ən qüsursuzunu şanlı Azərbaycan Əsgəri öz qanı ilə, xalqı iradəsi ilə yazır. İndi hər kəs müsəlləh əsgərdir, gücümüz isə köklərimiz qədər qüvvətli...

Banu Hüseynli