Həsən Ruhani: "İran xalqı ABŞ-ın beynəlxalq müqavilələrə əməl edəcəyini gözləyəcək"

Tarix : 2020/11/08 11:49     Kateqoriya : DÜNYA    


	Həsən Ruhani: "İran xalqı ABŞ-ın beynəlxalq müqavilələrə əməl edəcəyini gözləyəcək"

Ümidvaram ki, ABŞ-ın yeni administrasiyası beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün addımlar atacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinin elan edilməsindən sonra deyib.

H.Ruhani bildirib ki, yeni administrasiya sanksiyaların faydasız olduğunu başa düşərək, sanksiya siyasətinə son qoymalıdır. Bu, məqsədə nail olmaq üçün düzgün siyasət deyil.

İran Prezidenti nəzərə çatdırıb ki, beynəlxalq qanunlara və öhdəliklərə əməl etmək hər bir dövlətin prioritet siyasi xətti olmalıdır. İran xalqı müqaviməti davam etdirərək ABŞ-ın beynəlxalq müqavilələrə əməl edəcəyini gözləyəcək.

Qeyd edək ki, ABŞ rəsmiləri dəfələrlə İranı seçkilərə müdaxilə etməkdə ittiham edib. İş o yerə çatıb ki, ABŞ İrana məxsus 27 internet resursunu bağlayaraq, onları prezident seçkiləri barədə yalan məlumat yaymaqda ittiham edib.

Tehran isə bəyan edib ki, ABŞ-da kimin prezident seçilməsinin İran üçün heç bir fərqi yoxdur.

İranın Ali Rəhbəri Ayətullah Xamneyi ABŞ-da keçirilən prezident seçkilərini əvvəlcədən hazırlanmış tamaşa adlandırıb.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsində Co Bayden Donald Trampa qalib gəlib.