“Xalqımız öz dövlətinə, Ali Baş Komandanına sadiqdir”-Cavid Şahverdiyev

Tarix : 2020/11/12 17:45     Kateqoriya : SİYASƏT    


	“Xalqımız öz dövlətinə, Ali Baş Komandanına sadiqdir”-Cavid Şahverdiyev

“Azərbaycanın işğalçı Ermənistan üzərində tam qələbəsi xalq-hakimiyyət-ordu birliyinin təzahürüdür. Xalq öz rəhbərinə, ordusuna inandı, güvəndi. Qazanılan zəfərin əsasında da xalq-hakimiyyət-ordu birliyi dayanır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev bildirib.

Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik siyasəti bu birliyin yaranmasına, möhkəmləsinə istiqamətlənib: “Bu gün Ali Baş Komandanımızın ətrafında möhkəm xalq-ordu birliyi mövcuddur. Bu birlikdən güc alıb Vətən uğrunda haqlı savaşda zəfər qazandıq. Bu gün əldə etdiyimiz qələbə bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir. Xalqımız bu gün qürurverici günlərini yaşayır. Ölkəmizin təhlükəsizliyini qoruyan ordu ilə yanaşı, onunla daim bir olan xalqımız var. Azərbaycan Prezidenti, Ali Baş Komandanın ətrafında möhkəmlənən xalq-ordu birliyi həm xalqın, həm ölkənin qüdrətini, gücünü, həm də hakimiyyətə inamı, etibarı artırır”.

C.Şahverdiyev onu da qeyd edib ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi üçün orduya minlərlə gəncin könüllü yazılması faktı xalqımızın öz dövlətinə, Ali Baş Komandanına sadiqliyini göstərdi: “Biz inanırdıq və əmin idik ki, Ali Baş Komandanımızın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Əmin idik ki, Prezidentimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Qarabağ azad olunacaq, münaqişə öz ədalətli həllini tapacaq. Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Xalq da öz liderinə güvəndi, ona arxayınlaşdı. 44 gün ərzində aparılan uğurlu hərbi əməliyyatlarda xalqımız düşmənə qarşı əsgərlərimizlə çiyin-çiyinə döyüşdü. Orduya maddi-mənəvi dəstək oldu. Bu, Azərbaycan xalqının əzmkarlığının, məğlubedilməzliyinin, birliyinin göstəricisidir. Bu birliyi yaradan Ali Baş Komandanımız, cənab İlham Əliyevin müdirk və uzaqgörən siyasəti, fəaliyyətidir ki, xalq bir daha ona olan inamını, etibarını sübut etdi. Dünya birliyimizin şahidi oldu, qibtə etdilər bizə. Belə bir birlik varsa heç kəs bizə qalıb gələ bilməz”.