Dövlət Komitəsinin sədri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb 

Tarix : 2020/11/12 18:04     Kateqoriya : SOSİAL    


	Dövlət Komitəsinin sədri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb 

Noyabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Faktat.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Ermənistan - Azərbaycan arasında 30 ilə yaxındır davam edən münaqişənin yekunlaşması, 10 noyabr tarixində imzalanan tarixi müqavilədə Azərbaycanın dünya müstəvisində tanınan, tarixi torpaqların işğaldan azad olunması, ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qaytarılacağının böyük tarixi uğur olduğunu qeyd edib.

Rövşən Rzayev həmçinin bildirib ki, Ermənistanın sentyabrın 27-də Azərbaycan hücumundan sonra Azərbaycan tərəfinin əks-həmlə əməliyyatı nəticəsidə baş verən müharibə zamanı ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmaması Azərbaycan xalqını çox narahat edib.

Dövlət Komitəsinin sədri 44 günlük müharibə ərzində və hazırda Fransanın ölkəmizə qarşı göstərdiyi qərəzli mövqedən də söz açıb: “Aydın şəkildə görünür ki, Fransa ermənipərəst mövqeyi göstərir. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də qeyd etdiyi kimi Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb”.

Görüşdə diplomata məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Dövlət qayğısı nəticəsində bu günədək məcburi köçkünlər üçün 100-dən çox yeni qəsəbə salınıb, nəticədə bu kateqoriyadan olan 320 min vətəndaşın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.

Səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insan ölkəmizdə qaçqın və məcburi köçkün vəziyyətindədir.

Zakari Qros səmimi qəbula görə minnətdarlığını bildirib. Diplomat Ermənistanla Azərbaycan arasında sentyabr 27-dən başlayan və 10 noyabra qədər davam edən müharibənin sonda sülhə yekunlaşması, tərəflər arasında həmçinin regionda təhlükəsizliyin bərqərar olması baxımından müsbət dəyərləndirilib. Azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması isə sevinc hiss ilə qarşıladığı bildirib. Həmçinin münaqişə tarixi ərzində Fransanın nümayəndə heyətinin azərbaycanlı məcburi köçkünlərin yaşadığı qəsəbələrdə onların yaşayış şəraiti ilə yaxından tanış olduqlarını da qeyd edib. Fransa-Azərbaycan əlaqələrinin yüksək dəyərləndirən diplomat Zakari Qros, bu münasibətin bundan sonra da yüksək şəkildə davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.