Kolumbiya gələcəyə inamla baxır

Tarix : 2021/02/09 17:37     Kateqoriya : SİYASƏT    


	Kolumbiya gələcəyə inamla baxır

Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi məlumat bülleteni hazırlanıb.

Səfirlikdən Faktat.az-a verilən məlumata görə, bülletendə Kolumbiya hökumətinin sülhü möhkəmləndirmək və iqtisadiyyatı yenidən fəallaşdırmaq istiqamətindəki səyləri, eyni zamanda, ölkənin investisiya, ticarət və turizm imkanları barədə ətraflı məlumat verilir.

Bildirilir ki, keçmiş partizan qrupu olan FARC-la hökumət arasında bağlanbmış sazişin detallarını yerinə yetirmək üçün 2018-ci ildən başlayaraq Qanunilik və Sülh siyasəti icra edilir. BMT-nin də dəstək verdiyi bu proqram çərçivəsində zərərçəkmişlərə təzminatın ödənilməsinə və əllərindən alınmış torpaqları kəndlilərə qaytarılmasına start verilib. Nəticədə 50 min hektardan artıq torpaq əsl sahiblərinə qaytarılıb və zərərçəkmişlərə dəyən ziyanların qarşılanması məqsədilə ümumilikdə 848 milyon dollar həcmində fond yaradılıb.Üstəlik, 13363 nəfər keçmiş FARC döyüşçüsü dövlət tərəfindən sosial proqramlara cəlb edilib, iş və pensiya hüquqları təsbitlənib. ümumiyyətlə, onların sivil həyata qayıtması üçün 16 məhsuldar layihə həyata keçirilib. 

Kolumbiya üçün bu gün əsas məsələ Covid19-la mübarizədir. Hazırda hökumət ölkə üzrə xəstəxanalarda reanimasiya şöbələrinin sayını iki dəfəyə yaxın artırmaqla 11 minə çatdırmaq istəyir. Bununla yanaşı, "Kolumbiyanın Gələcəyi üçün Öhdəliklər" layihəsinə əsasən 2018-2022-ci illər üçün strategiya müəyyənləşdirilib. Bu strategiyaya əsasən, dövlətin bütün sahələri üzrə 59 milyard dollar sərmayənin xərclənməsi, 2 milyon rəsmi iş yerinin yaradılması nəzərdə tutulur ki, bu müstəvidə 562 layihə icra olunmaqdadır.

Kolumbiya hökumətinin başqa bir hədəfi ölkədə istixana qazlarını yarıbayarı azaltmaq, əvəzində "yaşıl enerji" sahəsini inkişaf etdirməkdir. Çünki dövlət turizm sektorunu canlandırmaq üçün böyük layihələr həyata keçirir. Olduqca böyük turizm potensialına malik olan Kolumbiya iki okean hövzəsinə - Sakit okean sahillərinə və Atlantik okeanın bir hissəsi olan Karib dənizi sahillərinə böyük məsafədə çıxışı var. Xüsusilə də 30 adadan ibarət Rozario adaları qrupu dünyanın hər yerindən turistlərin marağını çəkməkdədir. 

Nəzərə alaq ki, başdan-başa tropik qurşaqda yerləşən Kolumbiya ilboyu isti iqlimə, ilboyu insanların istifadəsində olan, ağ qumlu çimərliklərə malik olması ilə yanaşı, həm də Santa Marta kimi qarlı zirvələri olan dağları ilə də tanınır.

Belə böyük turizm potensiallı ölkənin daha sürətlə və genişmiqyaslı inkişaf etməsi qaçılmazdır və təbii ki, hazırda prezident İvan Duke Markez də bu proqramların icrasına maksimum səy göstərməkdədir.