Nardaranda 24 nömrəli Yanğından Mühafizə bölməsinin açılışı olub-FOTO
 

Tarix : 2016/02/24 12:10     Kateqoriya : SOSİAL    


	Nardaranda 24 nömrəli Yanğından Mühafizə bölməsinin açılışı olub-FOTO

	 

Sabunçu rayonu Nardaran qəsəbəsində 24 fevral 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli Yanğından mühafizə bölməsinin açılışı olmuşdur.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bölmənin inzibati binasının açılışını bildirən qırmızı lenti kəsmişdir.

Nazirlikdən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, sonra fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov bölmənin inzibati binası ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, 30  nəfər şəxsi heyəti olan bölmənin ərazisi 900 kvadratmetrdir. İnzibati bina ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunmuş, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Burada  dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var. Bölmənin ərazisində isə yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunmuşdur. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilmişdir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə müsahibəsində bildirmişdir ki, 24 nömrəli Yanğından mühafizə bölməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il dekabr ayında Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamına müvafiq olaraq istifadəyə verilir. Bölmə əməkdaşlarının 60 faizi Nardaran sakinlərindən ibarət olacaq və artıq bununla bağlı gənclərin ərizələri qəbul olunur. Eyni zamanda, Nardaran qəsəbəsinin gəncləri Dövlət Yanğından Mühafizə Xidmətinin Bakının digər rayonlarındakı hissə və bölmələrində də işə qəbul ediləcəkdir.

Nazir müavini vurğulamışdır ki, bu bölmənin istifadəyə verilməsi ərazidəki yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaqdır.