44 Günün nəticəsi-Hərbi Qənimətlər Parkı (Araşdırma)

 

Tarix : 2021/04/25 10:52     Kateqoriya : ARAŞDIRMA    


	44 Günün nəticəsi-Hərbi Qənimətlər Parkı (Araşdırma)

	 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük müharibədən sonra Hərbi Qənimətlər Parkını açarkən müharibə həvəskarlarına bir daha göstərdi ki, Azərbaycan Beynəlxalq Hüququn iştirakçısı kimi və tərəfdaşı kimi Beynəlxalq Hüququn Qalibiyyətini təsbit etməyə müvəffəq oldu.

Qeyd edək ki, “Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.

Qalib Ordunun Zəfər Nümunəsi

Hərbi Qənimətlər Parkı Qalib Dövlətin işğalçı üzərində Qələbəsinin tərənnümüdür. Parkın adı göstərir ki, hərbi qənimətlər öz torpaqlarını mənfur düşməndən azad edən ordunun əldə etdiyi Qələbənin nəticəsidir. Hər bir müharibədən qalib çıxmış ölkənin öz qələbəsi ilə fəxr etmək hüququ vardır. Azərbaycan Dövləti 30 il bu müharibəyə can atmadan sülh razılaşmasının tərəfdarı olmuş və indi Azərbaycanın qələbəsinə paxıllıq edənlərlə də tərəfdaşlıq etmiş, bu müharibədə məğlub olmuş düşməni sülhə çağırmışdır. Lakin məğlub olmuş düşmən və onun 30 illik havadarları Azərbaycan Xalqının səbrinin tükənməz olduğunu xəyal edərək müharibədə məğlub olmuş düşmənə havadarlıq edir, silahlandırırdı.

Bu 30 illik işğala son qoyulmasına heç bir səy göstərməyən qaraguruhçular bu gün Azərbaycanın Hərb Qələbəsinə paxıllıq edir, Beynəlxalq Hüquqda təsbit edilmiş haqqını indi də tanımaq istəmirlər. Lakin 1993-cü ildə qəbul olunmuş 4 Beynəlxalq Hüquqi sənəd Azərbaycan Dövlətinə hüquqi haqq vermişdir ki, beynəlxalq sənədlərin icrasını məcburi etsin.

Avropa İttifaqının Parlament Assanbleyasının bu ilki yaz sessiyasında erməni deputatların öz millətlərinin fəxrindən danışmaq hüququnun cavabını Azərbaycan deputatları layiqincə vermişdilər.

Fransanın dünyaya “qayğıkeşliyi”

1946-cı il Nürnberq beynəlxalq tribunalının faşizm ideologiyasını və onun daşıyıcılarını beynəlxalq cinayətkar adlandıran erməni havadarlarına xatırlatmaq lazımdır ki, ermənistanın paytaxtında faşist cəlladı Njdenin 6 metrlik heykəli durur. Görəsən 1940-cı ildə Parisi fəth edən Adolf Hitlerin heykəli Parisdə qurulsa “insanpərvər fransa hökuməti” buna necə baxar? Axı Hitler “fatehdir” və bu gün Avropa İttifaqında Fransa ilə birlikdə olan qonşu Almaniya buna necə baxar?

İnsan Muzeyi (Paris, Fransa)

“İnsanpərvər fransa hökumətinə” xatırlatmaq istərdik ki, Fransanın paytaxtı Paris şəhərində “İnsan Muzeyi” vardır ki, bu da qaniçən fransanın 1962-ci ilə qədər öz əyalətlərindən biri olan Əlcəzairdə kəsilmiş başları indi həmin muzeydə öz qələbəsi kimi utanmadan turistlərə pul müqabilində nümayiş etdirir. Həmin Fransa hökümətidir ki, uzaq Hindiçində-indiki Vyetnam dövlətinin ərazisində törətdiyi qanlı cinayətləri özünə fəxr bilir. Söhbət İnsan Muzeyi və ya öz adıyla “Musee de l’Homme”dən gedir.

Müharibə Qalıqları muzeyi (Sayqon, Vyetnam)

1964-cü ildən başlayaraq ABŞ dövləti heç bir hüquqi sənədlə yaranmamış, özünün oyuncaq dövləti olan Cənubi Vyetnam Respublikasına kömək məqsədilə Vyetnam Xalq Respublikasına hərbi müdaxilə edib uzun illər böyük hərbi cinayətlər törətdi. Yandırılmış trupik meşələr, napalm bombaları vasitəsilə yandırılmış kəndlər, qənimət kimi götürülmüş kəsilmiş qulaqlar həmin illərdə dövri mətbuatda hər gün çap olunurdu. 1972-ci ildə bu müharibə Vyetnam Xalq Respublikasının qələbəsi ilə başa çatanda Vyetnam yandırılmış və dağıdılmış bir xarabalıq halında idi. Vyetnam Xalqının əzmi nəticəsində əldə olunmuş Qələbəni gələcək nəsillərə çatdırmaq üçün ABŞ üzərində Qələbə Muzeyi yaradıldı. Uzun illərdən sonra hər iki ölkə arasında siyasi dialoq və diplomatik əlaqələr yarandı və 1996-cı ildə ABŞ Prezidenti Klintonun Vyetnama səfərindən sonra ABŞ adı muzeyin adından çıxarıldı. Əlbəttə ki, müharibədən dağılmış vəziyyətdə çıxan bir ölkəyə çox ağır mənəvi zərbə olsa da ABŞ dövlətinin təmənnasız verdiyi 5 milyard dollar müharibədə zərər çəkmiş ölkə üçün çox az məbləğ olsa da müəyyən maddi dəstək oldu. Bu gün həmin muzeyin ziyarətçiləri müharibə qənimətləri üzərində onların kimə məxsus olduğunu aydın oxuya bilirlər. Fədakar Vyetnam xalqı öz Qələbəsi ilə fəxr edir.

Azərbaycan Dövləti müharibədə qalib kimi Hərbi Qənimətlər Muzeyini açarkən ilkin olmamışdır. Fransa dövlətini biz yada saldıq, sırada Böyük Britaniya dövləti vardır ki, bu gün də müstəmləkə dövləti olaraq qalır və fəxrlə apardığı qanlı müharibələri İmperiya Müharibə Muzeyi adı altında öz vətəndaşlarına və xarici turistlərə pul müqabilində nümayiş etdirir.

İmperiya Müharibə Muzeyi (London, Böyük Britaniya)

Bu gün də müstəmləkələri olan Böyük Britaniyanın paytaxdı London şəhərində İmperiya Müharibə Muzeyi adı altında fəaliyyət göstərən bir qurumun həmin şəhərdə 5 şöbəsi fəaliyyət göstərir. Hər bir şöbə şəhərin müxtəlif yerlərində Britaniya metropoliyasının dünyanın bir çox yerlərində apardığı müharibələrdəki “qələbələrini” ziyarətçilərə müəyyən məbləğə nümayiş etdirir. Öz müstəmləkəlirini qarət etmiş metropoliya utanmadan həmin dövlətləri, xalqların azadlıq hərəkatını qan içində boğmuşdur. London muzeyində bir maraqlı məqam da, Böyük Britaniya ilə Argentina arasında Malvin və ya ingilislərin öz diliylə desək, Folklend adası uğrunda müharibənin nəticələrinin sərgilənməsidir. Əən pisi odur ki, bu muzeyin həyətində çox böyük gəmi topları nümayiş olunur. Həmin toplardan ötən əsrin əvvəllərində Türkiyəyə qarşı, tarixi Çanaqqala döyüşlərində istifadə edilib, amma əlbəttə ki, məğlub olub.

Məğlub Ermənistanın havadarı olan Fransa hökumətinə yada salmaq istərdik ki, II Dünya Müharibəsinin əvvəllərində məğlub olmuş Fransada azərbaycanlı Partizanlar fransız müqavimətinin fəal iştirakçıları olmuş və SSRİ dövlətindən kömək istəyən Fransa Müqavimətinin rəhbəri general Şarl de Qoll Bakıdan keçərək Moskvaya dəstək dalınca getmişdir.

Əgər bu günkü Fransız hökumətinə tarixi xatırladmaq lazımdırsa göz açıb dünyaya baxsın.

Sinqapurdakı (Changi Museum)

Yaponiya İmperiyası tərəfindən işğal edilmiş və böyük zərbələr almış Sinqapur da düşmənini unutmaq fikrində deyil. Baxmayaraq ki, hazırda Sinqapur Yaponiya ilə sıx iqtisadi-siyasi əlaqələrə malikdir. Dünyanın hər yerindən Sinqapura gələnlər müəyyən pul müqabilində bilet alaraq Çangi muzeyinə (Changi Museum) ona görə girirlər ki, orada II Dünya Müharibəsi zamanı yaponların ölkədə hansı vəhşilikləri törətdiklərini öz gözləri ilə görsünlər. Bu gün həmin dövlətin ticarət apardığı və siyasi yaxınlığı olan Yaponiyanı II Dünya Müharibəsi zamanı həmin adada törətdiyi hərbi cinayətlər nümayiş olunur. Yaponiya dövlətinin Sinqapur dövlətinə heç bir iddiasını görmədik. Bütün bunlara rəğmən Yaponiya Sinqapurdan nə həmin muzeyə hansısa formada əl gəzdirməsini tələb edir, nə də Bill Klinton kimi, özünə qarşı münasibəti daha xoş məcraya yönəltmək məqsədilə pul təklif edir. Çünki Yaponiya keçmişindən utanır və nə vaxtsa müharibəyə cəlb etdiyi xalqların qarşısında boynu tükdən incədir. Əlbəttə, nə ermənilər, nə də havadarları yaponlar qədər alicənab ola bilməzlər.

Blavand Bunker Muzeyi (Varde, Danimarka)

Digər bir Avropa ölkəsinə nəzər salaq, həmin ölkə ki, Alman dilli olmaqla bərabər öz qonşusu olan Almaniyanı  II Dünya Müharibəsi zamanı həmin ölkədə törətdiyi vəhşilikləri (Varde, Danimarka) Blavand Bunker Muzeyində nümayiş etdirir, Almaniya dövlətinin Danimarka Krallığına heç bir etirazını eşitmədik.

Müqəddəs Müdafiə Muzeyi (Tehran, İran)

Muzey sırf 22 sentyabr 1980-ci ildən 20 avqust 1988-ci ilədək - tam 8 il davam etmiş İran-İraq müharibəsinə həsr olunub. Həmin muzeydə hər iki tərəfin istifadə etdiyi hərbi texnika-tanklar, piyada maşınları, raket qurğuları, mərmilər, minalar nümayiş etdirilir. Müharibənin nə dərəcədə təhşətli bir fəlakət olduğu həmin muzeyi ziyarət etmiş hər kəsə aydın olur. İraq dövlətinin xahişinə baxmayaraq İran tarixi keçmişi unutmaq fikrində deyil.

II Dünya Müharibəsində ən böyük insan itkilərinə məruz qalan keçmiş SSRİ-nin indiki müstəqil dövlətləri ərazisində də Böyük Vətən Müharibəsinin itkilərini nümayiş etdirən muzeylər vardır.

Azərbaycan Xalqının Qələbə Əzmi

Bu gün Avropada özünü müstəqil hesab edən ölkələrin hökumətlərinə xatırlatmaq istərdik ki, Böyük Vətən Müharibəsinin və II Dünya Müharibəsinin nəticəsi kimi müstəqil olan Avropa dövlətləri həmin keçmiş SSRİ-nin və onun tərkib hissəsində olan Azərbaycan Respublikasının oğullarının igidliyi sayəsində bu gün müstəqildirlər, həmin müstəqilliyi əldə etməkdə igidliklə həlak olmuş 350000 Azərbaycan oğullarının qanlarını heçnə ilə ödəyə bilməzlər.

Azərbaycan Respublikasının və onun Xalqının 30 illik səbri bahasına başa gəlmiş bu Qalibiyyət işğalçıları və onların havadarlarını hələ uzun müddət qıcıqlandıracaq. Lakin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uzun illər apardığı danışıqlarda həmin havadarlara müraciətlə deyir ki:- “işğalçını sülhə məcbur edin, yaxud biz özümüz bunu edəcəyik!”. Nəticədə isə Dəmir Yumruq özünün nəyə qadir olduğunu 44 gündə göstərdi ki, bunun da bariz nümunəsi bu gün Azərbaycan Respublikasında Hərbi Qənimətlər Parkındadır!

Xəyalə Süleymanqızı