ÜST: Dünyanın 29 ölkəsində koronavirusun yeni ştamı aşkarlanıb

Tarix : 2021/06/17 17:01     Kateqoriya : SƏHİYYƏ    


	ÜST: Dünyanın 29 ölkəsində koronavirusun yeni ştamı aşkarlanıb

Dünyanın 29 ölkəsində, əsasən də yarandığı ehtimal olunan Cənubi Amerikada koronavirusun “Lambda” adlandırılan yeni ştamı aşkarlanıb.

Sinxua agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

İlk dəfə iyunun 14-də Peruda qeydə alınan “Lambda” ştamı Cənubi Amerikada “yüksək yayılma səviyyəsinə” görə “maraq doğuran” variant kimi qəbul olunub. Perunun hakimiyyət orqanlarının məlumatına görə, “Lambda” 2021-ci ilin aprelindən bəri ölkədə qeydə alınan yoluxma hallarının 81 faizini təşkil edib.

Çilidə isə son 60 gündə qeydə alınan yoluxma hallarının 32 faizinə bu ştam səbəb olub. Eyni zamanda, digər ölkələr, o cümlədən Argentina və Ekvador da yeni ştamın yüksək yoluxuculuq təsirinə məruz qalıb. O, yoluxuculuğuna görə yalnız ilk dəfə Braziliyada aşkarlanan “Gamma” ştamından geri qalır.

ÜST-nin məlumatına görə, “Lambda” ştamı virusun yoluxma qabiliyyətini və ya onun anticisimlərə qarşı müqavimətini artıra biləcək mutasiyalara malikdir. Lakin qurum yeni ştam barədə kifayət qədər məlumatın olmadığını və onun daha yaxşı öyrənilməsi üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu bildirib.

Dünya KİV-lərinin barəsində tez-tez yazdığı “narahatlıq yaradan” variantlardan fərqli olaraq, “maraq doğuran” variantlar tibbi təşkilatlar tərəfindən izlənilsə də, hələlik ictimai sağlamlıq üçün ciddi təhlükə yaradan variantlar kimi tanınmayıb.

Buna “Delta” ştamını misal göstərmək olar. İlk dəfə Hindistanda aşkarlanan və “maraq doğuran” variant adlandırılan ştam dünyada sürətlə yayıldığı üçün 2021-ci il mayın 11-də ÜST tərəfindən “narahatlıq yaradan” variant kimi qeydə alınıb.

Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, iyunun 17-dək dünyada 177 milyon 827 mindən çox yoluxma və 3 milyon 849 mindən çox ölüm faktı qeydə alınıb, 162 milyon 338 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 11 milyon 640 min xəstədən 82 mininin vəziyyəti ağır qiymətləndirilir.