Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu əkin sahələrindəki yanğınlarla bağlı fermerlərə müraciət edib

Tarix : 2021/06/18 12:58     Kateqoriya : İQTİSADİYYAT    


	Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu əkin sahələrindəki yanğınlarla bağlı fermerlərə müraciət edib

Son günlər ölkənin müxtəlif bölgələrində açıq sahələrdə yanğınlar baş verməkdədir. Belə yanğınlar respublikanın Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Lənkəran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında qeydə alınıb. Yanğınlar Siyəzən rayonunun rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında, Xaçmaz rayonunun Nabran qəsəbəsi, Quba rayonunun Sofikənd kəndində və digər ərazilərdə baş verib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Faktat.az”-a verilən məlumata görə, yanğınlar müxtəlif ərazilərlə yanaşı, açıq sahələrinə, o cümlədən əkin sahələrinə yayılıb. Nəticədə biçilmiş və biçilməmiş əkin sahələri yanıb, əkinçiliklə məşğul olan fermerlərə ziyan dəyib.

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu ölkə fermerlərinə və əkinçiliklə məşğul olan sahibkarlara müraciət edərək əkin sahələrini sığortalamağa çağırır. Fond bildirir ki, ölkəmizdə bir neçə ay əvvəldən tətbiq edilən aqrar sığorta istənilən səbəbdən baş verən yanğın nəticəsində əkin sahələrinə dəyən zərəri qarşılayır.

Fermerlər olduqca sərfəli şərtlərlə, cüzi məbləğ ödəməklə əkin sahələrini yanğınla yanaşı, digər əsas risklərdən də sığorta edə bilərlər.

Belə ki, hazırda yanğınların tez-tez baş verdiyi Şimal bölgəsində taxıl sahələrinin hər hektarını orta hesabla 7 manata sığortalamaq olar. Ölkənin digər ərazilərində də əkin sahələrini sərfəli şərtlərlə sığortalamaq mümkündür.

Hadisə baş verdikdə sığorta ödənişi isə lazımi sənədlər təqdim edildikdən sonra cəmi 7 gün ərzində həyata keirilir.

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu fermerləri əkin sahələrini sığortalamağa, böyük zəhmət hesabına becərdikləri məhsullarını və gəlirlərini qorumağa çağırır.