Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

Tarix : 2021/06/20 15:34     Kateqoriya : SOSİAL    


	Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Nazirlik yanında İctimai şura üzvləri ilə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Faktat.az”-a verilən məlumata görə, Milli Observatoriyanın sədri Elşən Əsədov şura üzvlərinə qurumun fəaliyyət istiqamətləri, demoqrafiya, əmək bazarı, təhlil və proqnozların hazırlanması sahəsində gördüyü işləri, yeni layihələri barədə məlumat verib. Əlilliyi olan şəxslər üçün hazırlanmaqda olan Virtual İnnovasiya Parkı layihəsindən də bəhs olunub. Bu layihənin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacağı qeyd edilib.

Əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün Milli Observatoriya tərəfindən Müayinə-Sorğu Sisteminin qurulması işləri də diqqətə çatdırılıb. Bu və Observatoriyanın digər fəaliyyət sahələri üzrə İctimai şura üzvləri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.