Xalid Usman Qayser: «Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz»

Tarix : 2021/06/30 14:21     Kateqoriya : MÜSAHİBƏ    


	Xalid Usman Qayser: «Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz»

Xalid Usman Qayser Pakistanın Azərbaycanda səfiri olub, həm də sıradan səfir yox, fəaliyyəti dövründə hər birimizlə dost idi, sözümüzü-sirrimizi aça bilcəyimiz diplomat idi. Yəqin, bu xüsusiyyətlərinə görə idi ki, 2004-cü ilin yanvarından 2016-cı ilin iyuluna qədər ölkəsini Azərbaycanda təmsil edib. Biz jurnalistlərə “Yox” cavabı olmayıb, nə vaxt müsahibə istəmişik, “Buyurun” deyib, açıqlama istəmişik, tez cavablayıb.

Hə, yadımda ikən... çox gözəl, mehriban ailəsi də vardı. Bir dəfə xanımı Asima Qayserlə də müsahibə etmişdim.

Azərbaycanın müstəqilliyi dövründə, ilk gündən Pakistanla ölkəmiz arasında münasibətlər səmimi və isti qalıb, ildən-ilə müttəfiqlik səviyyəsinədək güclənib. Xüsusilə də səfir Qayserin fəaliyyəti dövründə dövlətlərimiz arasında ikitərəfli münasibətlər Pakistan prezidentinin Bakıya səfəri ilə yeni dövrə qədəm basıb. Səfər zamanı, Pakistan Prezidenti müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq müqavilələri imzalamaqla yanaşı, Heydər Əliyev Fondunun Azad Kəşmirdə və Pakistanın bəzi kəndlərində həyata keçirdiyi humanitar fəaliyyətinə görə, Pakistanın ən yüksək mükafatlarından biri ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mükafatlandırıb. Bundan əlavə, qarşılıqlı şəkildə bir sıra nazirlərin və yüksək səviyyəli hərbi nümayəndə heyətlərinin səfərləri də baş tutub. Səfirin həyat yoldaşı, xanım Asima Qayser də yuxarıda qeyd etdiyim kimi, olduqca səmimi və fəal xanım idi. Məhz xanım Asima Qayser Bakıda olduqları müddətdə Missiya Başçılarının Həyat yoldaşları Qrupuna (HOMS) rəhbərlik edib. Birinci xanım Mehriban Əliyeva da 2016-cı ilin mart ayında Novruz münasibətilə HOMS üçün çox xüsusi tədbir təşkil etmişdi. Bu çox mehriban cütlük özləri də daxil olmaqla, azərbaycanlı dostları üçün olduqca yaxşı xatirələr qoyub. Səfir Qayser Bakıdan getdikdən tam 5 il sonra onunla dostca söhbətləşib, müsahibə etmək fürsəti qazandım.

Gəlin, Azərbaycanın bu əziz və heç vaxt unudulmayacaq dostu ilə söhbətə birlikdə nəzər salaq:

- Bildiyiniz kimi, 2016-cı ilin iyul ayında Pakistanın Yunanıstandakı səfiri vəzifəsinə təyinat aldım və Bakıdan Afinaya yola düşdüm. Pakistanın Afinadakı diplomatik nümayəndəliyinə 2018-ci ilin noyabr ayınadək - super annat – təqaüd yaşına çatanadək rəhbərlik etdim. Təqaüdə çıxdıqdan sonra yenidən Pakistana qayıtdım və hazırda İslamabadda yaşayıram. O vaxtdan bəri Bakıya gəlmək füsətim olmayıb. Buna baxmayaraq, hər zaman Azərbaycanda və bölgədə baş verənləri böyük maraqla izləməyə davam etmişəm. Əmin edirəm ki, mən və ailəm ilk fürsətdə Azərbaycana gəlməyə çalışacağıq.

- Ümumiyyətlə, azərbaycanlı dostlarla əlaqələriniz davam edirmi? Kiminləsə üzbəüz görüşdüyünüz, telefonla danışdığınız olubmu? Səmimi deyirəm və əminəm ki,bütün dostlarınız sizin üçün darıxır…

- Bəli, mən və həyat yoldaşım Azərbaycandakı bir çox dostlarımızla əsasən Facebook üzərindən əlaqə saxlayırıq, bəziləri ilə e-poçt vasitəsilə məktublaşırıq. ADA Universiteti və digər universitetlərin ev sahibliyi etdikləri tədbirlər barədə, eləcə də Facebook-da yazışdığımız dostlarla zaman-zaman məlumat mübadiləsi edirik.

- Azərbaycandan gedəndə özünüzlə ən çox xatırlayacağınız və bəlkə də unutmayacağınız hansı xatirələri aparmısınız?

- Ölkələriniz arasında xüsusi münasibətlər və qardaşlıq bağları olduğunu bilirsiniz. Pakistan Ermənistanı Dağlıq Qarabağı və ətraf bölgələrini işğal etdiyi üçün indiyədək tanımayıb. Eynilə Azərbaycan da Cammu və Kəşmir mübahisəsində Pakistanı dəstəkləyir. İllərdir, davam edən bu cür qarşılıqlı siyasi dəstək xalqlarımız arasında bir-birinə məhəbbətə çevrilib. Bakının və ya İslamabadın küçələrində gəzirsinizsə, insanlarla görüşərkən özünüzü Bakıda pakistanlı, İslamabadda və digər şəhərlərdə isə azərbaycanlı kimi təqdim edəndə qardaşlıq sevgisini mütləq hiss edirsən. Şəxsən mən, Azərbaycanda və azərbaycanlılar arasında keçirdiyim hər dəqiqədən zövq aldım. Bir çox azərbaycanlı tələbələrə həsr etdiyim əməyi, onlarla xoş ünsiyyəti unutmaq olarmı? Yadımdadır ki, Qafqaz Universitetində tələbələrə mühazirələr oxuyurdum, Bakı Dövlət və Xəzər universitetlərinin tələbələri ilə də yaxşı ünsiyyət qurdmuşum, eynilə ADA Universitetində də. Azərbaycanın müxtəlif şəhərlərinə etdiyim səfərləri də xatırlayıram, millət vəkili Qənirə Paşayeva ilə birlikdə Tovuza getməyimi xatırlayıram. Biz birlikdə Dağlıq Qarabağla təmas - sərhəd bölgələrinə də getdik. Pakistanın Milli Günü münasibətilə təqdim etdiyimiz Pakistan və Azərbaycan haqqında bir kitab yazdığını xatırlayıram. Həyat yoldaşım da həmçinin, o, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ona qarşı xeyirxahlığına görə xatırlayır. Övladlarımız “British School Baku”da təhsil alırdılar. Bu gün də bəzi azərbaycanlı dostları onlarla əlaqə saxlayır. Azərbaycanda keçirdiyimiz xoşbəxt illərimizi heç vaxt unutmayacağıq.

- Azərbaycandan sonra Yunanıstanda səfir oldunuz. Ölkələrdən hansı daha yaxşıdır demirəm, sadəcə bu ölkələr arasında müsbət və mənfi  fərqlər hansılardır sizcə? İstiqanlı, qonaqpərvər qardaş Azərbaycan xalqı, turizm məkanı, amma sosial sıxıntıları kifayət qədər olan Yunanıstan, fərqləri deyin lütfən…

 

- Qeyd etdiyim kimi, səfirlik fəaliyyətim üçün Yunanıstan sonuncu ölkə idi. Mənim 60 yaşım tamam oldu. Pakistan qanunlarına əsasən isə bu yaşdan sonra diplomat olaraq işləməyə yol verilmir. Odur ki, istefa verərək təqaüdə çıxdım. Azərbaycan qardaş ölkədir və başqa heç bir ölkə ilə müqayisə oluna bilməz. Sizə deyə bilərəm ki, Yunanıstanda da çox uğurlu və yaxşı vaxt keçirmişəm. Yunanlar çox isti, qonaqpərvər və mehriban insanlardır. Onlar çox sağlam qida vərdişlərinə sahibdirlər və turizm sektorları kifayət qədər yüksək inkişaf edib. Düzdür, Afinada olduğum müddətdə Yunanıstan iqtisadi çətinliklərdən yaşayırdı, amma heç vaxt yunanların üzündə təbəssümü əskik görmədim. Onların əksəriyyəti çox xoş, istiqanlı və qonaqpərvərdir, lakin digər Avropa ölkələrində olduğu kimi, yunanların içində də əcnəbilərə qarşı düşmənçilik seqmenti var. Məsələn, “Qızıl Şəfəq” mənim dövrümdə Yunanıstan parlamentində üçüncü böyük siyasi partiya idi. Onlar birmənalı şəkildə əcnəbi mühacirlərə qarşı çıxırdılar. Hansı ki, həmin vaxt Yunanıstanda təxminən 70 min pakistanlı yaşayırdı. Yəni bu sayda soydaşlarım üçün problem yarana bilərdi. Bu səbəbdən də səfir olaraq əsas işim oradakı Pakistan cəmiyyətinin rifahını və təhlükəsizliyini qorumaq idi. Bəli, vaxt keçdikcə Pakistanla Yunanıstan arasında münasibətlər də yaxşılaşdı və bu gün də yaxşılaşmağa davam edir. 2019-cu il seçkilərində “Qızıl Şəfəq” Yunanistan parlamentində heç bir yer qazana bilmədi. Bu da yunanların əksəriyyətinin müdrik, dinc və qayğıkeş insanlar olduğunu əks etdirirdi.

- Bilirsiniz, Pakistan qardaş ölkə olduğu üçün onun səfirliyi də hər zaman bizim üçün dogma evimizdir, gediş-gəlişimiz olur zaman-zaman və bunu siz də vaxtilə görürdünüz. Maraqlıdır, media ilə eyni sıx münasibətləri başqa ölkələrdə də qura və eyni effekti ala bilirsinizmi? Əminəm ki, azərbaycanlı jurnalistlər kimi səmimi ola bilməz yunan və ya xalqların jurnalistləri…

 

- Yenə təkrar edirəm: Azərbaycan da bizim üçün qardaş ölkədir, Pakistanın ona tam fərqli, xüsusi münasibəti var. Bu səbəbdən də Azərbaycan xalqını başqa xalqlarla müqayisə etmək mənim üçün çətindir. Bilirsiniz ki, dünyanın hər yerində jurnalistlər başqa millətləri öz obyektivləri ilə görürlər. Onlar əsasən öz peşə dəyərlərinə və ölkələrinin siyasi sisteminə sadiq qalırlar. Əlbəttə, aralarında kimlərsə həm də şəxsi maraqları, yaxud gündəm yaratmaq üçün, kimlərsə də rəhbərliyin tələbləri əsasında işləyir və əlbətdə, bəziləri öz işlərinin peşəkarıdır, fərdi fikirlər səsləndirə, mövqi nümayiş etdirə bilirlər. Fikrimcə, bugünkü mürəkkəb dünyamızda hər şey heç də ağ və qaradan ibarət deyil - boz rəngdə də çox şey var. Ancaq səmimi deyə bilərəm ki, nə vaxt hansı ölkəyə səfir göndərildimsə, yerli jurnalistlərlə ünsiyyət qurmaqda və onlarla görüşməkdə çətinlik çəkməmişəm. Məsələn, Afinada, müntəzəm olaraq çox səmimi atmosferdə ünsiyyət qurduğum, mənə qarşı çox mehriban olan yeddi ən yaxşı yunan media mənsubu ilə sıx əlaqəm vardı. Bunlar müxbirlər, teleaparıcılar və analitiklər idi. Onlar hər zaman səfirlikdə özlərini rahat hiss ediblər və bunu mənim sosial səhifələrimdə də aydın şəkildə görə bilərsiniz. Fikrimcə, başqa xalqların və ya jurnalistlərin bizim, ya da ölkələrimiz və siyasi sistemlərimiz haqda nə düşündüklərindən narahat olmamalıyıq. Öz aramızda birlik yaratmalıyıq və cəmiyyətlərimizi hər vacib mövzuda sərbəst və sağlam mübahisələrə açmalıyıq. Bu, şübhəsiz həm daxili, həm də beynəlxalq aləmdə etibarımızı gücləndirməyə kömək edəcək. Hesab edirəm ki, hər bir ölkə digər ölkələr və ya insanlar tərəfindən bəyənilməsinə və ya bəyənilməməsinə baxmayaraq, özünün siyasi, iqtisadi və sosial sisteminə sahib olmaq hüququna malikdir. Hər cəmiyyət öz sürəti ilə, öz mədəniyyəti və milli dəyərləri əsasında hərəkət edir.

- Bakıdan getdikdən sonra təyinat aldığınız ölkədə Azərbaycan və Türkiyə səfirləri ilə əlaqə saxlayırdınızmı? Ümumiyyətlə, bu ölkələrdə yaşayan və ya çalışan azərbacanlı icmasının Pakistan səfirliyi ilə əlaqəsi olubmu?

- Yalnız səfir olaraq deyil, kiçik diplomat olduğum zamanlarda da hər sahədə türkiyəli və azərbaycanlı həmkarlarımla həmişə çox yaxşı, səmimi dostluq əlaqələrim olub. Bir səfir olaraq bu, üç ölkənin diplomatları üçün daha mütəmadi qarşılıqlı əlaqəyə çevrilir. Nə vaxt olur-olsun, hər hansı ölkədə sıradan bir azərbaycanlıya və ya türkə rast gəlsəm, mütləq görüşür, hal-əhval tuturam. Eyni münasibəti Türkiyə və Azərbaycan diplomatları da pakistanlılara göstərir. Bilirəm ki, hər iki ölkənin diplomatları görüşdükləri pakistanlılara hörmət və sevgi ilə yanaşırlar.

- Lap çoxdan Rumıniyanın Azərbaycandakı səfirlərindən biri (O, hazırda universitet rəhbəridir) diplomatik xatirələrindən bəhs edən ikihissəli kitab yayımladı və nüxsələrdən mənə də göndərib. Orada 100 səhifə Azərbaycandakı xatirələrinə yer ayırıb. Sizin necə, diplomatik fəaliyyətinizdən bəhs edən kitab yazmaq fikriniz varmı?

- İnşAllah!

- Yaxın gələcəkdə, nə vaxtsa Azərbaycanda gəlmək fikriniz varmı? Əgər gəlsəniz harada olmaq, haralara getmək istərdiniz, hansı ki, neçə illərdir onların həsrətini çəkdiniz? Bilirsiniz, torpaqlarımız azad edilib, Şuşanı, Ağdamı gedib görə bilərsiniz…

- Əvvəlcə başda Prezident İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik etmək istəyirəm. Azərbaycan ordusu, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında, uzun müddətdir Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad edib, əsl sahibinə qaytardı. Bu, Azərbaycan millətinin böyük uğurudur. Şübhəsiz, fürsət tapdığım ilk məqamda çalışacağam ki, Bakıya səfər edim. Bəri başdan sizə, eləcə də bütün Azərbaycan xalqına və rəhbərliyinə firavan, təhlükəsiz, sağlam həyat və gələcək arzulayıram. “Pakistan - Azerbaijan dosti zindabad!” (Yaşasın Pakistan - Azərbaycan dostluğu!).

Vüsal Tağıbəyli