Lənkəranda çəltikçiliklə məşğul olan fermerlər üçün tarla seminarı keçirilib

Tarix : 2021/07/10 12:50     Kateqoriya : İQTİSADİYYAT    


	Lənkəranda çəltikçiliklə məşğul olan fermerlər üçün tarla seminarı keçirilib

Lənkaran, Astara və Ağdaş rayonlarında çəltik istehsalı ilə məşğul olan fermer, sahibkar və şirkətlərin nümayəndələri üçün tarla seminarı keçirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Faktat.az-a verilən məlumata görə, tarla seminarı “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər palnına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri tərəfindən keçirilib.

Fermerlərə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda çəltik bitkisinin elmi əsaslarla öyrənilməsi, yeni çəltik sortlarının genefondu, tarla sınaqlarının nəticələri, bu sahədə beynəlxalq təşkilatlarla və xarici ölkələrlə olan əməkdaşlıq, ixtisaslı gənc kadrların hazırlanması və digər məsələlər barədə məlumat verilib.

Tarla şəraitində keçirilən tədbirdə çəltik istehsalçıları nümayiş etdirilən çəltik sortlarını qiymətləndirib, onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb, istehsalçıların sualları institutun mütəxəssisləri tərəfindən cavablandırılıb və müvafiq tövsiyələr verilib.

Eyni zamanda, çəltik sortlarının tarla sınaqlarının aparılması, ilkin toxumçuluğunun təşkili, səmərəli becərmə texnologiyasının tətbiqi və digər aqrotexniki tədbirlərin yerinə yetirilməsi istiqamətində çəltik istehsalçıları ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında elmi əməkdaşlıq sisteminin yaradılması qərara alınıb.

Tədbirin sonunda çəltik istehsalı ilə məşğul olan şirkətlərlə birgə əməkdaşlıq müqavilələri imzalanıb.