Doqquz il əvvəl Neftçala şəhərində törədilmiş cinayətin üstü açılıb

 
Tarix : 2021/07/12 19:44     Kateqoriya : ARAŞDIRMA    


	Doqquz il əvvəl Neftçala şəhərində törədilmiş cinayətin üstü açılıb

	 

Prokurorluq orqanlarının prioritet istiqamətlərindən biri gizli və qeyri-aşkar şəraitdə törədilməklə ötən illərdən bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməklə təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Faktat.az”-a bildiriblər ki, doqquz il əvvəl törədilərək bağlı qalmış cinayətin üstü Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin səmərəli birgə fəaliyyəti nəticəsində açılıb.

2013-cü il fevralın 9-da Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən qəbiristanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Prokurorluq, polis və Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova birgə yaşadıqları evdə olarkən 2012-ci il dekabrın 27-də saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb, daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməyi ilə 2012-ci il dekabrın 28-nə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbiristanlığın yanındakı kolluq əraziyə atıb.

Cari il iyulun 12-də Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.