DSMF ölkə vətəndaşlarının sosial müdafiəsini təmin edən bir sütundur

Tarix : 2016/02/25 18:57     Kateqoriya : SOSİAL    


	DSMF ölkə vətəndaşlarının sosial müdafiəsini təmin edən bir sütundur

"Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin daima xüsusi diqqət mərkəzindədir"

Bu gün dünyanın bir çox ölkələri və Avropanın sosial təminat təşkilatları Dövlət Sosial Müdafiə Fondunun təcrübəsindən yararlanır. Dövlət Sosial Müdafiə Fondu ölkə vətəndaşlarının sosial müdafiəsini təmin edən bir sütundur və sütun kimi öz fəaliyyətini uğurla davam etdirir.

Müstəqilliyinin bərpasından sonra sərbəst bazar iqtisadiyyatı yolunu  seçmiş Azərbaycanda keçid dövrü cəmiyyətin müxtəlif sahələrində özünü göstərən çeşidli problemlərlə müşayiət olunmuş, xüsusilə də sosial müdafiə sisteminin konservativ məzmunu, qanunverici-institusional əsasları yeni şəraitlə ziddiyyət təşkil etmişdir. Bu vəziyyətdə Azərbaycanın hansı inkişaf modelinə üstünlük verəcəyi ilə bağlı fərqli fikirlər irəli sürülsə də, ümummilli lider Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosial yönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirmiş, xalqın sosial rifahının yüksəldilməsini fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdir. Dahi şəxsiyyətin həyata keçirdiyi sosial siyasətin leytmotivi ədalətli pensiya-sığorta sisteminin yaradılması, sosial bərabərlik prinsiplərinə əsaslanan mexanizmlərin təmin edilməsi olmuşdur. Azərbaycan xalqının tarixinə xilaskar kimi daxil olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin müstəqilliyi ilə bağlı arzuların, ümidlərin gerçəkləşdirilməsi yolunda məqsədyönlü addımların atılmasının, uğurlu daxili və xarici siyasətin aparılmasının başlanğıcı qoyulmuş və bu xətt davam etdirilmişdir. Həmin illərdə respublikamızın sosial-iqtisadi həyatını çətinləşdirən və bu mərhələdə tədbirlərin müvəffəqiyyətlə icrasına mane olan ciddi sosial təhlükələr ölkəmizdə yeni iqtisadi sistemə keçid dövrünün MDB və ya dünya dövlətləri ilə müqayisəsinə fərqli yanaşmağı zəruri edir. Dahi lider həmin dövrdə ölkə iqtisadiyyatının böhrandan çıxarılması, xalqın maddi rifahının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsi üçün yorulmadan fəaliyyət göstərmişdir. Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində ulu öndər tarixi və sosial-iqtisadi proseslərin axarını əvvəlcədən müəyyən edə bilir, öz xalqının rifahı naminə qərarlar qəbul edilən zaman əsl qətiyyət nümayiş etdirirdi. Digər tərəfdən, keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyni, mövcüd sosial müdafiə modelinin quruluşunu və dünya sistemləri ilə müqayisəsini daha dərindən müşahidə etmək imkanına malik olan bu böyük şəxsiyyətdə siyasi iqtisad və sosiologiya sahəsində güclü intellektual baza formalaşmışdı.

Yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vuran Azərbaycanın inkişaf modelinin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir. Azərbaycanın gələcək inkişaf istiqamətlərinin vahid konsepsiya çərçivəsində təqdimi üçün həmin prinsiplərin ötən mərhələdəki sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və çoxşaxəli fəaliyyətin ətraflı təhlili mühüm əhəmiyyət daşıyır. Çünki gələcəyə baxışın düzgün istiqamətləndirilməsi və uğurların təmin edilməsi müasir qloballaşan dövrün ağır sınaqlarından çıxmış prinsiplərin daha da dərinləşdirilməsindən birbaşa asılıdır.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırmışdır. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuş və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir.

DSMF bütün dövrlərdə fəaliyyətini çevik mexanizm və innovasiyalar, habelə müasir informasiya texnologiyaları əsasında formalaşdırmış dövlət qurum kimi tanınmışdır. Bu fəaliyyətin ana fəlsəfəsini vətəndaşlarla birbaşa təmasa girmədən onlara elektron xidmətlərin göstərilməsini təmin etməkdir. Hələ 2011-ci ilin martından «SMS İnfo xidməti»nə start verilməsi əsasən ahıl insanlar olan pensiyaçıların rahatlığının təminatına yönəlmişdir. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 19-a çatdırılmışdır. Əhaliyə göstərilən eloktron xidmətlərin sırasında sığorta edənin (hüquqi və fiziki şəxs), ailə kəndli təsərrüfatının, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin və «sığorta olunanın onlayn uçota alınması» xidmətləri mövcuddur. Bu xidmətlər elektron qaydada həyata keçirilir.

Ötən il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökümət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Ötən ilin 11 iyul tarixindən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılması vasitəsilə 1200-dən çox vətəndaşa pensiya təyin edilmişdir.

Bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşıb. Bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur. Buna misal kimi DSMF-nin  2010-cu ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında qalib elan olunaraq Fəxri fərmanla təltif  edilməsini göstərmək olar. Həmin mərasimdə Fəxri fərmanı təqdim edən BSTA-nın prezidenti xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host Konkalevski DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətini belə qeyd ediblər: "Biz ümid edirik ki, bu nailiyyət Avropanın sosial təminat təşkilatlarının rəhbərlərini daha da ruhlandıracaq". Sosial təminat sahəsində mühüm tədbir olan Avropa Forumunda Azərbaycanın ali mükafata layiq görülməsi ölkəmizdə pensiya islahatlarının uğurla gerçəkləşdirilməsinin əyani göstəricisi idi.

Göstərilən bütün faktlar onu deməyə əsas verir ki, Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri ümumilli lider Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir. Ölkə rəhbərliyinin siyasi iradəsi ilə fondun apardığı islahatlar ümumən hər bir vətəndaşın gələcəyinə etibarlı təminat yaratmaq kimi humanist və insanpərvər bir məqsədə xidmət edir.

«Fakt-Araşdırma Təhlil» Analitik İnformasiya Agentliyinin icraçı direktoru Xəyalə Süleymanqızı (Mustafayeva)

Məqalə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) jurnalistlər üçün “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda təşkil etdiyi müsabiqəyə göndərilir.