İsveç NATO-ya daxil olmaqdan rəsmən imtina edib

Tarix : 2016/02/25 19:55     Kateqoriya : DÜNYA    


	İsveç NATO-ya daxil olmaqdan rəsmən imtina edib

İsveç hökuməti ölkənin NATO-ya və ya digər hərbi alyanslara daxil olması imkanlarını nəzərdən keçirmir.

Hökumətin bu mövqeyi Krallığın xarici siyasətlə bağlı yeni bəyannaməsində qeyd olunub. Bəyannaməni İsveçin xarici işlər naziri Marqot Valström parlamentdə təqdim edib.

Xarici siyasət idarəsinin başçısı bu məsələ ilə bağlı bildirib: “İsveçin təhlükəsizlik siyasəti dəyişməz qalır, hərbi alyanslara qoşulmamaq ölkə üçün əlverişli siyasətdir, Şimali Avropada sabitliyə və təhlükəsizliyə töhfə verir. Bu, fəal, geniş və məsuliyyətli xarici siyasəti, habelə etibarlı milli müdafiə ilə vəhdət təşkil edən təhlükəsizlik siyasətini nəzərdə tutur”.

Sənəddə bildirilir ki, İsveçin öz məqsədlərinə çatması üçün əsas vasitə yenə də dialoqdur.

Amma bəyannamədə vurğulanır ki, Krallıqda sülhə və təhlükəsizliyə müasir təhdidlər İsveçdən həm ayrı-ayrı ölkələr, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq tələb edir.

Marqot Vasltröm deyib: “Avropa İttifaqının və ya Şimali Avropanın hər hansı başqa ölkəsi fəlakətə və ya hücuma məruz qalarsa, İsveç passivlik göstərməyəcək. Biz gözləyirik ki, belə hadisələrin İsveçlə bağlı baş verəcəyi təqdirdə, həmin ölkələr də eyni cür hərəkət edəcəklər. Buna görə də ölkəmiz həm mülki, həm də hərbi dəstək göstərmək və almaq iqtidarında olmalıdır”.

Qeyd edək ki, İsveç parlamentində təqdimat zamanı hökumətin bu mövqeyi xeyli müzakirələrə səbəb olub. Bəzi partiyaların nümayəndələri Krallığın NATO-ya daxil olması məsələsinə birdəfəlik xitam verməməyi məsləhət görürlər./AZƏRTAC/