“Hindistan qlobal iqtisadiyyatın böyüməsinə töhfə verir” – Səfir Vanlalvavna

Tarix : 2021/07/16 20:46     Kateqoriya : SİYASƏT    


	“Hindistan qlobal iqtisadiyyatın böyüməsinə töhfə verir” – Səfir Vanlalvavna

Bu gün Hindistanın ölkəmizdəki Səfirliyində Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə keçirilən tədbirlərin tərkib hissəsi kimi, ötən aylarda təşkil olunan bir neçə müsabiqənin qalibləri mükafatlandırılıb.

Faktat.az-ın tədbirdə iştirak edən əməkdaşının xəbərinə görə, müsaqibələrdən biri Səfirliyin Azərbaycan Dillər Universiteti ilə birgə təşkil etdiyi Hindistanın müstəqilliyinin 75 illiyi ilə bağlı inşa yazısı, digəri isə Yoqa təlimləri müstəvisində video-foto müsabiqəsi idi.

Səfirliyin əməkdaşlarının, Dillər Universitetinin prorektoru Jalə Qəribovanın, media nümayəndələrinin və sair qonaqların qatıldığı tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna bildirib ki, bu ilin mart ayından başlayaraq Hindistanın müstəqilliyinin 75-ci ildönümü qeyd olunur və bu çərçivədə tədbirlər hələ daha iki il - 2023-cü ilin avqust ayına qədər davam edəcək. Diplomat bildirib ki, Hindistanın müstəqilliyinin 75 illiyi festival kimi “Azadi ka Amrut Mahotsav” adlı təşəbbüslə qeyd olunur və bu yubileydə hind xalqının şərəfli tarixi, mədəniyyəti və qazandığı uğurları  yad edilir.

Səfir B.Vanlalvavna Hindistanın 1947-ci ildə müstəqillik qazandığı gündən etibarən keçdiyi inkişaf yollarından söz açıb. “Hələ mart ayında bizim Baş nazirimiz cənab Narendra Modi bu tədbirlərə start verərkən prosesin 5 əsas mövzudan ibarət olacağını elan etmişdi. Bunlar azadlıq mübarizəsi, 75 ildə ideyalar, 75 ildə uğurlar, 75 ildə fəaliyyət, 75 ildə əzmdir. Hindistanın bir respublika kimi qazandığı uğurlar və dünyanın ən böyük demokratiyası statusuna sahib olması, bütün vətəndaşları üçün qürurvericidir. Hindistanın azadlıq uğrunda mübarizə aparan döyüşçüləri, ölkəni formalaşdıran və istiqamətləndirən çox sayda liderin göstərmiş olduğu saysız fədakarlığı xatırlamaq qürurvericidir. Ölkənin mühüm təməlləri olan demokratik qurumların illər keçdikcə inkişaf etməsi və güclənməsinə onlar böyük töhfə veriblər”, - deyib Hindistanın ölkəmizdəki səfiri Vanlalvavna.

Səfir qeyd edib ki, Hindistanın iqtisadiyyatı son 75 il ərzində çoxşaxəli formada inkişaf edib: “Hindistan bu gün dünyanın beşinci böyük iqtisadiyyatı olaraq, qlobal iqtisadiyyatın sabitliyinə və böyüməsinə əhəmiyyətli dərəcədə töhfə verir. Ölkəmizin 2025-ci ilə qədər Ümumdaxili Məhsul İstehsalı həcminin 5 trilyon dollara çatdırmaq üçün çox əhəmiyyətli bir prosesə - Hindistanın qlobal iqtisadiyyatda payını artırmağı hədəfləyən “Aatma Nirbhar Bharat” hərəkatına start verməklə sürətli böyümə yolunu davam etdiririk”.

Diplomat qeyd edib ki, Hindistan kənd təsərrüfatı sektoru, elm və texnologiya, informasiya texnologiyaları, kosmik sənaye və sair daxil olmaqla bir çox digər sahələrdə də böyük uğurlar qazanıb. Onun sözlərinə görə, Hindistanın əczaçılıq sektorunun gücü dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda da ümumilikdə qəbul edilir. Səfir dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 30 milyondan çox güclü Hindistan diasporundan da söz açaraq, onların yaşadıqları cəmiyyətə müsbət töhfə verdiklərini bildirib.

Səfir çıxışının sonunda Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə Azərbaycanda ağacəkmə, xatirə poçt markalarının buraxılması, mədəni proqramlar, çıxışlar və mühazirələr, viktorina və inşa müsabiqələri daxil olmaqla, bir sıra gələcək tədbirlər barədə məlumat verib. Səfir deyib ki, irəlidəki aylarda, əgər pandemiya şəraiti imkan verərsə, Hindistandan Azərbaycana mədəniyyət xadimlərinin səfəri də reallaşa bilər.

Cənab Vanlalvavna, Hindistanın dostlarından və mətbuat nümayəndələrindən xahiş edib ki, Səfirliyin Facebook səhifəsində (@indiainazerbaijan) qeyd olunan gələcək tədbirlərin təbliğ-təşviqinə yardımçı olsunlar.

Daha sonra söz alan Dillər Universitetinin prorektoru Jalə Qəribova ölkələrimiz arasında mövcud olan tarixi dost əlaqələrdən, Səfirliyin fəaliyyəti dövründə bu əlaqələrə verdiyi töhfədən və nəhayət, iki ölkə arasında dostluq körpüsünün qurulmasında akademik-mədəniyyət müəssisələrinin rolundan danışıb. “Öncə Səfirliyin diplomatlarının simasında bütün hind xalqını müstəqillik münasibətilə təbrik edirəm. Müstəqilliyin necə böyük fəxr, qürur olduğunu yaxşı bilirik. Hindistan dünyanın ən zəngin mədəniyyətə malik cəmiyyətlərindən biridir. Xoşbəxtlikdən, Azərbaycan da qədim mədəniyyəti, məişəti, ədəbiyyatı olan cəmiyyətdir və bu amil ölkələrimizi birləşdirir, dünyanın maraq sferasına daxil edir. Məhz belə zənginliklərə malik ölkələrin tarixi yolları keçməkeşli olur. Biz də, siz də bu yolu keçmişik. Azərbaycan müstəqilliyini 30 il əvvəl bərpa etsə də, bu il bizim üçün mühüm oldu – işğal altındakı torpaqlarımızı azad etdik və bu da xalqımıza müstəqillik kimi əlavə bayram əhvalı yaşatdı. Odur ki, Hindistan öz gələcək inkişaf yollarını müəyyənləşdirdiyi kimi, biz də öz gələcəyimizə dair planlarımızı cızacağıq” deyən xanım Qəribova əlavə edib ki, iqtisadi-siyasi əlaqələrlə yanaşı, iki ölkə arasında münasibətlərin inkişafında akademik əməkdaşlıq da mühüm rol oynayır. “Universitetlər əsasən insan üzərindən çalışırlar. Əgər insanlar bir-birini anladılarsa, keçirdikləri duyğuları qarşılıqlı olaraq yaşaya bildilərsə, ardıyla da toplumlar, daha sonra isə dövlətlər arasında əlaqələri inkişaf etdirmək daha asan olacaq. Şəxsən mən Səfirliyə təşəkkür edirəm ki, fəaliyyəti dövründə hər zaman ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi dəstək verib. Bu gün Dillər Universitetində, Səfirliyin də hər zaman dəstək verdiyi Hindistan Araşdırmalar və Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Biz çalışacağıq ki, gələcəkdə həmin mərkəzi daha da inkişaf etdirək, genişləndirək” deyən prorektor əlavə edib ki, Azərbaycanda Hindistana maraq hər zaman olub və olacaq. O, hazırda çox sayda insanın hind dilini öyrəndiyini buna misal göstərib.

Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirin sonunda Bakı Xoreoqrafiya Akademiyasının yetirmələrinin ifasında hind rəqsləri təqdim olunub.