Azərbaycan Dillər Universitetində Çin musiqisinin onlayn konserti keçirilib

Tarix : 2021/07/23 11:20     Kateqoriya : TƏHSİL    


	Azərbaycan Dillər Universitetində Çin musiqisinin onlayn konserti keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda, yay onlayn lektoriyası çərçivəsində Çin Kommunist Partiyasının 100 illiyinə həsr olunmuş Çin musiqi konserti təşkil edilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən «Faktat.az»-a verilən məlumata görə, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov diqqətə çatdırıb ki, Çində 2021-ci il beynəlxalq tarixi əhəmiyyətə malikdir - bu il Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 100 illiyi adı altında qeyd edilir:

“ÇKP 1921-ci ildə yaradılıb, inqilabdan qalib çıxdıqdan sonra Çin Xalq Respublikası qurulub. Həmin vaxtdan ÇKP qəhrəman Çin xalqına Çin səciyyəli sosializm quruluşunun yaranması istiqamətində, həmçinin siyasi və iqtisadi islahatların aparılması, aşkarlıq və müasir sosializm yolunda, xalqın böyük dirçəlişi uğrunda mübarizədə və Çində orta təbəqənin olduğu firavan cəmiyyətin qurulması işində daim yorulmadan rəhbərlik edir. ÇKP ilə Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq və partiyalararası dialoq uğurla inkişaf etməkdədir”.

R.Abbasov onu da əlavə edib ki, ÇKP və Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq çərçivəsində partiya nümayəndələrinin qarşılıqlı görüşləri təşkil olunur, dövlət və ictimai idarəetmə sahəsində, həmçinin siyasi-ideoloji sahədə təcrübə mübadiləsi aparılır, hər iki hakim partiya həm Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının fəaliyyətində, həm də “İpək Yolu İqtisadi Zolağı” proqramının həyata keçirilməsində fəal iştirak edir və tərəflərin milli maraqları nəzərə alınmaqla müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirilir.

Konsertdə bəstəkar Huang Wei-nin yoxsulluqla mübarizə və Çin millətinin böyük dirçəlişinə həsr etdiyi "Bizim qürurumuz" və bəstəkar Zeng Qiongjuanın Çinin kosmosdakı böyük uğurlarına həsr etdiyi "Gümüş gecə, qızıl arzu" sopranosu üçün mahnıları, Çinin Daxili Monqolustanın təbiətinin gözəlliyini vəsf edən və doğma yurdlarının xoşbəxt sakinlərini tərənnüm edən - "Moni Dağı" və "Pastoral" xalq lirik mahnıları səsləndirilib.

“Guzheng” kvintet Çin İnqilabının müqəddəs diyarı olan və Xalqın Qurtuluş Müharibəsi dövründə İmen qadınlarının qəhrəmanlığını tərənnüm edən "İmenə sevgi ilə" əsəri də səsləndirilib. Konsertin sonunda ADU-nun çinşünas tələbələri Çin rəqs nömrələri ilə çıxış etdilər.