Mingəçevir Dövlət Universitetində növbəti “Tyutor xidməti” təlimləri uğurla başa çatıb

Tarix : 2021/08/04 09:38     Kateqoriya : TƏHSİL    


	Mingəçevir Dövlət Universitetində növbəti “Tyutor xidməti” təlimləri uğurla başa çatıb

2021-ci ilin 22-29 iyul tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə bir həftəlik “Tyutor xidməti” təlim proqramı təşkil edilib.

Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Faktat.az”-a verilən xəbərə görə, proqram çərçivəsində universitetin təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri. Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliyi” və “Təqdimat və onun hazırlanması” mövzusunda təlimlər keçirilib.

2021-ci ilin 3 avqust tarixində MDU-nun rektoru Şahin Bayramov ikinci təlim proqramını müvəffəqiyyətlə bitirən iştirakçılarla görüşüb.

Görüşdə təlimlərə marağın getdikcə artmasından məmnunluğunu ifadə edən MDU-nun rektoru Şahin Bayramov çoxsaylı müraciətləri nəzərə alaraq proqramın yenidən təşkil olunmasında və icrasında əməyi olan bütün akademik, inzibati və texniki heyət üzvlərinə təşəkkür edib. Sözügedən proqramın müvəffəqiyyətlə başa çatdığını vurğulayan rektor təlim iştirakçılarını təbrik edib və karyera inkişafı yolunda onlara uğurlar arzulayıb.

Son dövrdə MDU-da ali təhsil xidmətlərinin keyifiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən və qarşıda dayanan vəzifələrdən söhbət açan Ş.Bayramov əldə etdikləri yeni bilik və bacarıqlarla təlim iştirakçılarının tədris prosesinin təşkili və idarə olunmasında daha effektiv fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

Sonda, təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, MDU-da ilk “Tyutor xidməti” təlim proqramı cari ilin 13-18 iyul tarixlərində reallaşdırılıb. Kadr potensialının hərtərəfli inkişafına xüsusi önəm verən MDU rəhbərliyi akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılmasına xidmət edən bu tipli fəaliyyətlərin davamlılığını diqqət mərkəzində saxlayır.