Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə KİV-lərə müraciət ünvanlayıb

Tarix : 2016/03/01 10:55     Kateqoriya : SOSİAL    


	Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə KİV-lərə müraciət ünvanlayıb

«Fakt-Araşdırma» «Xəbərservis»-ə istinadən məlumat verir ki, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə KİV-lərə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Çox hörmətli jurnalistlər!

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun drektoru kimi bildirirəm ki, institutun “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi işçisi Yadigar Sahibəli oğlu Türkel, işdə çox kobud nöqsanlara yol vermişdir. Belə ki, Yadigar Türkelin aylıq iş günü 166 saat olmasına baxmayaraq, o, son altı ay ərzində ayda 25-30 saatı keçməmək şərti ilə, müntəzəm əmək nizam-intizamını pozmaqla, bəzi aylarda isə tamamilə işə gəlməmişdir. Bunu AMEA-nın giriş qapısında quraşdırılmış elektron turnuket və video kameraların görüntüləri tam sübuta yetirmişdir.

Hörmətli jurnalistlər, istəsəniz əlimizdəki bütün hüquqi sübutları sizə göndərə bilərik.

Bundan başqa, Aleksandr Şepetyevin “Azərbaycan türklərinin hüququ olan Qafqazdakı mübahisəli ərazilər haqqında məruzə” kitabının AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi işcisi Yadigar Türkel Sahibəli oğlu tərəfindən yazılmış “Ön söz”ündə “Heydər Əliyevin dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsi” ifadəsinin işlədilməsi ilə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin şərəf və ləyaqətinin ləkələnmə və alçaldılması əməlinə yol verilmişdir.

Belə ki, həmin kitaba “Ön söz”də qeyd edilmişdir ki , “22 dekabr 1992-ci ildə Azərbaycan Respublikasının parlamenti türk dili adını millətə qaytarmışdır. Ancaq dövlət çevrilişinin nəticəsində hakimiyyətə gəlmiş Heydər Əliyev, anti-türk imperiya siyasətini davam etdirərək və bəzi “xalq yazıçılarının”, “xalq şairlərinin”, “alimlərin” dəstəyini alaraq, türklərin etnik adını ləğv edərək, onu siyasi termin olan “azərbaycanlı ” ilə əvəz etmişdir”.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq, hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin Konstitusiya quruluşunun zorla dəyişdiril-məsinə yönələn hərəkətlər – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 15.5 maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə 12 ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.

Cinayət Məcəlləsinin 296.2 maddəsinə əsasən, şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1993-cü ildə xalqımız Heydər Əliyevi açıq səsvermə yolu ilə keçirilmiş seçkilər nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçmiş və bütün dünya ölkələri onu həmişə legitim ölkə başçısı kimi tanımış və qəbul etmişlər.

Heydər Əliyevin Azərbaycan Respublikasında hər hansı dövlət çevrilişi etməsini, hakimiyyəti zorla ələ keçirməsini təsdiq edəcək heç bir sübut və dəlil olmadığı halda, kütləvi nümayiş etdirilən bir əsərdə (kitabda ) dövlət çevrilişi haqqında yazmaq, Heydər Əliyev şəxsiyyətinin şərəf və ləyaqətinin ləkələnməsi və alçaldılması kimi qiymətləndirilməlidir. Bu isə cinayət məsuliyyəti olduğundan həmin əmələ yol vermiş şəxs cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılmalıdır.

Yuxarıda qeyd olunanlara əsasən, Aleksandr Şepetyevin “Azərbaycan türklərinin hüququ olan Qafqazdakı mübahisəli ərazilər haqqinda məruzə” kitabını sizə göndərməklə, həmin kitabın 2016-cı ildəki buraxılışına “Ön söz” hissəsində fəlsəfə elmləri doktoru Yadigar Türkel Sahibəli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti Əliyev Heydər Əlirıza oğlu barəsində “onun dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsi” fikrinə hüquqi qiymət verilməsini və Heydər Əliyev şəxsiyyətinin şərəf və ləyaqətinin ləkələnməsi və alçaldılması əməllərinə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını xahiş edirik.

Eyni zamanda, qeyd etmək lazımdır ki, AMEA Fəlsəfə və Hüquq İnstitutu direktorunun 25 fevral 2016-cı il tarixli 34 nömrəli əmri ilə, “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi işcisi Yadigar Türkel Sahibəli oğlu, üzürlü səbəb olmadan işə gəlmədiyinə görə, işdən azad edilmişdir.

Hörmətli jurnalistlər!

Yadigar Sahibəli oğlu Türkel özünün hüquqa zidd və özbaşına hərəkətlərinə baxmayaraq, bütün KİV və elektron saytlarda AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun bütün kollektivinin və rəhbər kimi mənim işgüzar və təmiz nüfuzumuza xələl gətirən, şantaj, böhtan və iftira dolu bəyanatlarla institutumuzun kollektivini və rəhbər kimi məni məqsədli şəkildə ləkələməyə çalışır. Sizə bildiriməm ki, bundan sonra da qanunvericiliyin tələblərinə uyğun bütün addımlarımı atacağam”.