İspaniyada hökumət böhranı davam edir

Tarix : 2016/03/04 13:17     Kateqoriya : DÜNYA    


	İspaniyada hökumət böhranı davam edir

İspaniyada parlament seçkilərindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də yeni hökumət qurulmayıb. Parlamentdə təmsil olunan 4 əsas siyasi partiya arasında koalisiya qurmaq cəhdləri nəticə vermir.

Siyasi partiyaların razılaşma əldə edə bilməməsinə görə İspaniya Kralı VI Felipe prosesə müdaxilə etməyə məcbur qalıb. O, fevralın əvvəlində Konqresdə 90 deputatla təmsil olunan PSOE-nun (Sosialist Partiyası) sədri Pedro Sançesə hökuməti qurmağı tapşırıb. P.Sançes maksimum 40 gün ərzində buna nail olmalı idi. Lakin ötən bir ay ərzində aparılan danışıqlar öz bəhrəsini vermədi.

Martın 2-də Konqresdə keçirilən səsvermədə Pedro Sançesin Baş nazir postuna namizədliyini yalnız onun partiyasının 90 deputatı və “Ciudadanos” (“Vətəndaşlar”) partiyasının 40 üzvü dəstəklədi. İlk baxışda sosialistlərin potensial müttəfiqi olacağı ehtimal olunan sol partiya “Podemos” Sançesin əleyhinə səs verdi. Çünki qatı sol mövqedə olan Pablo İqlesiasın partiyası PSOE-nin sağ mövqedən çıxış edən “Ciudadanos”la koalisiya planlarını bəyənmir. Bütövlükdə Konqresin 219 deputatı sosialistlərin liderinin əleyhinə oldu. Martın 4-də axşam təkrar səsvermə ehtimalı olsa da, nəticənin dəyişəcəyini gözləmək üçün heç bir əsas yoxdur.

Hazırkı vəziyyətdə Kralın ikinci dəfə prosesə müdaxilə edəcəyi gözlənilir. Böyük ehtimalla VI Felipe bu dəfə hökumət qurmağı hazırda Baş nazir vəzifələrini icra edən, PP-nin (Xalq Partiyası) sədri Mariano Raxoya həvalə edə bilər. Artıq PP-dən mətbuata verilən məlumata görə, partiyada “Podemos”la koalisiya danışıqlarına hazırlıq gedir. Lakin ardıcıl korrupsiya qalmaqalları səbəbi ilə PP-ni ən sərt tənqid edən məhz “Podemos”dur. Bu səbəbdən bu iki partiyanı da bir hökumətdə təsəvvür etmək asan deyil.

Əgər növbəti cəhdlər də fayda verməsə İspaniyada iyunda təkrar parlament seçkiləri keçirilə bilər. Bu məsələdə isə demək olar bütün siyasi qüvvələr eyni mövqeyi bölüşərək bunun ölkənin ziyanına olacağını deyirlər./AZƏRTAC/