Moldova Prezidenti ümumxalq səsverməsi yolu ilə seçiləcək

Tarix : 2016/03/04 21:46     Kateqoriya : DÜNYA    


	Moldova Prezidenti ümumxalq səsverməsi yolu ilə seçiləcək

Bundan sonra Moldova Respublikasının Prezidenti ümumxalq səsverməsi yolu ilə seçiləcək.
Moldova KİV-lərinə istinadla xəbər verilir ki, bu qərarı Moldova Konstitusiya Məhkəməsi (KM) martın 4-də keçirilən iclasında qəbul edib.
 
KM 2000-ci il 5 iyul tarixli qanunun müddəalarını Konstitusiyaya zidd sayıb. Həmin qanuna görə, Moldova ümumxalq prezident seçkilərindən prezidentin parlamentdə seçilməsinə keçib.
 
KM-nin sədri Aleksandr Tenase iclasdan sonra deyib: “KM prezidentin ümumxalq səsverməsi yolu ilə seçilməsi mexanizminin bərpa olunmasını qərara alıb. KM Konstitusiyanın 78-ci maddəsinin əvvəlki redaksiyasını qaytarmaq barədə qərar qəbul edib. Qərar bu şəkildə ifadə olunacaq: “Ölkə Prezidenti ümumi, bərabər, birbaşa, gizli və azad səsvermə yolu ilə seçilir”.
 
Yəni Moldovanın 40 yaşa çatan, 10 ildən az olmayaraq daim Moldova ərazisində yaşayan, dövlət dilini bilən vətəndaşları dövlət başçısı vəzifəsinə namizəd ola bilərlər. Seçicilərin səslərinin 50 faizindən çoxunu toplayan namizəd seçilmiş sayılır. Birinci turda tələb olunan səsləri namizədlərdən heç biri toplamasa, səsvermənin ikinci turu keçiriləcək.
 
A.Tenase vurğulayıb ki, Konstitusiyaya dəyişikliklər edilməsi haqqında qanunun normalarının Konstitusiyaya zidd qəbul edilməsi indiki parlamentin mandatına, habelə indiki Prezidentə təsir göstərmir. Nəticələr yalnız gələcəyə aiddir.
 
O deyib: “İndiki Prezident öz mandatını başa çatdıracaq. Sonrakı prezident birbaşa ümumxalq prezident seçkiləri yolu ilə qanunla müəyyən edilmiş müddətdə seçiləcək. Moldovanın indiki Prezidenti Nikolay Timoftinin mandatı bu il martın 22-də başa çatır. Qanuna görə, seçkilər mandat başa çatan vaxtdan 90 gündən gec olmayaraq keçirilməlidir”.
 
Konstitusiya Məhkəməsinin qərarı qətidir və ondan şikayət verilə bilməz./AZƏRTAC/