Fransada terror təhlükəsi artır

Tarix : 2016/03/15 16:47     Kateqoriya : DÜNYA    


	Fransada terror təhlükəsi artır

Hazırda Fransada terror təhlükəsi 2015-ci il noyabrın 13-də baş verən hücum öncəsindən daha yüksəkdir və ölkə hökuməti maksimal hazırlıq vəziyyətində olmalıdır. Bu barədə martın 15-də Fransanın Baş naziri Manuel Vals bildirib.

TASS informasiya agentliyi xəbər verir ki, baş nazirin sözlərinə görə, fransalı siyasətçilər fövqəladə vəziyyət rejimi ilə bağlı respublika konstitusiyasına düzəlişlərin həyata keçirilməsi üçün əlindən gələn hər şeyi etməlidir. Hazırda parlamentdə qanun layihəsi ilə bağlı müzakirələr davam edir. Layihədə mübahisə doğuran əsas məqam terror fəaliyyətində iştirak edən şəxslərin Fransa vətəndaşlığından məhrum olunması tələbidir.

Xatırladaq ki, ötən il noyabrın 13-də axşam saatlarında Parisdə eyni vaxtda altı nöqtədə hücum aktı baş vermişdi. Terror aktları nəticəsində 130 nəfər həlak olmuş, 350 nəfər yaralanmışdı.