Şahmat üzrə Azərbaycan çempionatında ikinci tura yekun vurulub

Tarix : 2016/03/17 21:13     Kateqoriya : İDMAN    


	Şahmat üzrə Azərbaycan çempionatında ikinci tura yekun vurulub

Qadınlar və kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci tura yekun vurulub.
 
Kişilərin yarışında ilk turda Qədir Hüseynova qalib gələn Aqil Pirverdiyev bu dəfə ağ fiqurlarla çıxış etməsinə baxmayaraq, Nicat Abasova məğlub olub.
 
Digər görüşlərdə Vasif Durarbəyli Vüqar Əsədlini, Bəhruz Rzayev Elvin Bayramovu, Vüqar Rəsulov isə Niyazi Nağdiyevi məğlubiyyətə uğradıb. Turun digər görüşündə Eltac Səfərli Zaur Məmmədovdan, Azər Mirzəyev isə Kənan Qarayevdən üstün olub.
 
İki turdan sonra altı şahmatçının - Vasif Durarbəylinin, Nicat Abasovun, Vüqar Rəsulovun, Azər Mirzəyevin, Bəhruz Rzayevin və Misrətdin İsgəndərovun aktivində 2 xal var.
 
Qadınların mübarizəsində isə Nərmin Kazımova Aydan Höccətovanı, Ülviyyə Fətəliyeva isə Xanım Balacayevanı məğlub ediblər. N.Kazımova və Ü.Fətəliyeva 2 xalla çempionata liderlik edirlər. Gülnar Məmmədova və Səbinə İbrahimova isə bu turda xal qazana bilməyiblər.
 
İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarışa martın 23-də yekun vurulacaq.