17 mühacirin cəsədi tapılıb

Tarix : 2016/04/05 20:12     Kateqoriya : DÜNYA    


	17 mühacirin cəsədi tapılıb

Aralıq dənizinin Misir sahillərində 17 mühacirin cəsədi aşkar edilib.

TASS informasiya agentliyi xəbər verir ki, Avropaya keçməyə cəhd edən mühacirləri daşıyan qayıq Kafr-əş-Şeyx əyalətində yerləşən Baltim şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə martın 31-də baş versə də, sahil mühafizəsi xidməti hələ də həlak olan insanların cəsədlərini aşkarlayır.

Əldə olan məlumata əsasən qayığın göyərtəsində 105 nəfər – 18 misirli, 74 somalili, 11 suriyalı, sudanlı və fələstinli olub. Həlak olanların əksəriyyəti Somali vətəndaşlarıdır. Onların arasında 3 qadın və 3 uşaq da var.

Hadisə ilə bağlı təhqiqat başlanılıb. Qayığın qəzaya uğramasının səbəbləri arasında onun həddən artıq yüklənməsi versiyası da nəzərdən keçirilir.

Afrikanın ən kasıb dövlətlərinin yüzlərlə sakini qayıqlarla Avropaya keçməyə cəhd edərkən həlak olur. Mühacirlərin dəniz keçidləri üçün nəzərdə tutulmayan qayıqlarda daşınması çox vaxt faciə ilə nəticələnir.