Qaçqınlara qarşı dözümsüz olan Avropa Azərbaycandan tolerantlıq nümunəsi götürməlidir

Tarix : 2015/10/02 12:29     Kateqoriya : ARAŞDIRMA    


	Qaçqınlara qarşı dözümsüz olan Avropa Azərbaycandan tolerantlıq nümunəsi götürməlidir

Prezident İlham ƏLİYEV: “Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır”

Avropa ən yeni tarixinin böyük humanitar fəlakəti - “miqrant böhranı” ilə üz-üzədir. Şimali Afrika və Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutublar. Bu humanitar fəlakətin əsas səbəbi də məhz Qərb dövlətlərinin yeni müstəmləkəçi siyasətidir. Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdləri nəticədə onların özləri üçün də bir “sürpriz”ə gətirib çıxarıb. 

Beynəlxalq hüquq normalarına münasibətin siyasi avantürizm formasında təzahürü istər-istəməz belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında əsl demokratik dəyərlərə “ikili standart” yanaşma getdikcə güclənir. Başqa sözlə, özünü “demokratiyanın beşiyi” sayan bəzi dövlətlər insan hüquqlarına münasibətdə özlərinin geosiyasi maraqlarından çıxış edir, beynəlxalq gərginliyi süni şəkildə artırırlar. Son dövrdə “güclünün hüququ”, “yumruq hüququ” kimi yeni anlayışlar əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hüququn “gərəksizləşməsi”, habelə güclü dövlətlərin öz maraqlarının təminatı “vasitəsi”nə çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq hüququn “gərəksizləşməsi” prosesi güclü dövlətlərə hüdudsuz “fəaliyyət azadlığı” verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalq hüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir. Təəssüf hissi ilə qeyd etmək olar ki, bu kimi faktlarla son vaxtlar daha çox qarşılaşırıq. Beynəlxalq hüququn “gərəksizləşməsi”, onun güclünün hüququna çevrilməsi son nəticədə “beynəlxalq özbaşınalığın” güclənməsinə səbəb olur.

Dünyada dərin iqtisadi və maliyyə böhranı Avrasiya məkanında xüsusilə ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq Azərbaycan bu coğrafiyanın “sabitlik adası” kimi qalmaqdadır. İqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri respublikanın maliyyə resurslarının kəskin artımına, iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan vermişdir. Ölkəmizə cari ilin altı ayında 12,7 milyard manat sərmayə qoyulub. Xarici sərmayələrin üstünlük təşkil etməsi bir daha göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.

Postsovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər “maydan hərəkatı”, “zanbaq inqilabı” kimi adlarla kamuflyaj olunmuş zorakı üsullarla devrilmiş, yerli iqtisadiyyat dağıdılmış, dövlətlərin ərazi bütövlüyü pozulmuş, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilməkdədir. İmperializm siyasətindən hələ də əl çəkə bilməyən ölkələr “insan hüquqları”, “demokratiya” kimi məsələlərdən konyunktur maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Faktiki olaraq “ərəb baharı”nın baş verdiyi ölkələr sonu görünməyən böyük bir fəlakətə sürükləniblər. Bu inqilabları xalqların “xoşbəxtliyi”, “nicatı” kimi qələmə vermək istəyənlərin təbliğatı isə puça çıxıb. Çünki inqilabların baş verdiyi ölkələrdə vəziyyət əvvəlkindən daha da pisdir. Baş verənlər bir daha sübut edir ki, əslində demokratiya bayrağı altında müəyyən ölkələrin öz geosiyasi maraqlarını gerçəkləşdirmək niyyətləri dünyada imperializmin yeni dalğasına çevrilib. 

Ümumilikdə müşahidələr göstərir ki, bu gün tolerantlıq prinsipinə ən böyük təhlükə Şərqdən deyil, məhz Qərbdən gəlir. Bu gün Avropa ölkələrində onlara pənah gətirən qaçqınlara olan kobud münasibət deyilənlərə bir daha misal ola bilər. Yaxın və Orta Şərqdən gələn qaçqın və köçkünlərin sərhədlərdə incidilməsi, təhqir edilməsi və polis zorakılığına məruz qalmaları bu coğrafi arealda ən adi insani normaların işləmədiyini bir daha sübuta yetirir. Avropa dövlətləri getdikcə tolerantlıq prinsipinin ən böyük düşmənlərinə çevrilirlər. Fərqli fikir və düşüncəyə qarşı başlanmış “səlib yürüşü” ilk növbədə bu geosiyasi arealda sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirir. Bəzi hallarda terrora rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Əslində, bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Lakin dini, siyasi, irqi və s. tolerantlığın zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyillərini artırır. 

Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinxedləri və digər millətçi təşkilatları göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır. Bunun “başağrısını” isə Avropa özü çəkir.

Prezident İlham Əliyev 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin iclasında bildirib: “Bədxahlara, antiazərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır. Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat tərzidir. Mən bir daha demək istəyirəm ki, biz həyata keçirdiyimiz işlərdə hər hansı bir fövqəladə nailiyyət görmürük. Bu, normal həyat tərzidir. Sadəcə olaraq, bəzi ölkələrdə bu normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya, islamofobiya hökm sürür”.

Azərbaycanda tolerantlıq - irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədəki bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə səylərinin ümumi tarixi təcrübəsidir. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir. Bakıda “Ümumdünya mədəniyyətlərarası dialoq forumu”nun keçirilməsi Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.

Tolerantlıqla bağlı Qərb ölkələrinə nümunə ola biləcək Azərbaycanda keçirilən beynəlxalq humanitar forumların da əhəmiyyətini xüsusi vurğulamaq olar. Milli, irqi, dini dözümlülüklə bağlı dünyaya mesajı özündə ehtiva edən həmin forumlarda Azərbaycanın mədəniyyətlərin qovuşduğu bir diyar olduğu sübuta yetirilmişdir. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər davam edir.

Elnur HACALIYEV