Gün gələcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq

Tarix : 2016/04/07 18:05     Kateqoriya : İDMAN    


	Gün gələcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvləri aprelin 7-də keçirilən mətbuat üçün açıq məşqdə son günlər cəbhə xəttində baş verən hadisələrlə əlaqədar  fikirlərini bildiriblər.

«Fakt-Araşdırma» xəbər verir ki, jurnalistlərə açıqlama verən baş məşqçi Cəmşid Xeyrəbadi erməni təxribatlarının qarşısını almaq və torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyib, əzizlərinə və Azərbaycan xalqına başsağlığı verib. O, Azərbaycanın doğma torpaqlarını geri qaytaracağına əminliyini ifadə edib: “İnşallah, haqq yerini tapacaq və Dağlıq Qarabağ Azərbaycana qayıdacaq”.

Milli Komandamızın üzvü Elvin Mürsəliyev döyüşlər zamanı Azərbaycan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsinin qürurverici olduğunu vurğulayıb: “Qardaşlarımız cəbhədə şəhid olub və yaralanıblar. Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Qürurverici haldır ki, torpaqlarımızın bir hissəsi işğaldan azad olunub”.

Yığmamızın digər üzvü Kamran Məmmədov isə cəbhədə Azərbaycan ordusunun üstünlük əldə etməsinin hamıya böyük ruh yüksəkliyi verdiyini qeyd edib. İdmançı şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib, səbir diləyib: “İnanıram ki, gün gələcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq”.