Rafael Cəbrayılov: «Lazım gəldikdə torpaqlarımızı hərb yolu ilə azad edərik»

Tarix : 2016/04/09 14:59     Kateqoriya : MÜSAHİBƏ    


	Rafael Cəbrayılov: «Lazım gəldikdə torpaqlarımızı hərb yolu ilə azad edərik»

Milli Məclisin deputatı Rafael Cəbrayılov Azərbaycan əsgərinin son günlərdə cəbhə xəttində göstərdiyi şücaət və son durumla bağlı müsahibə verib.
 
- Rafael müəllim, cəbhədəki son vəziyyət barədə nə düşünürsünüz?
 
- Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda vuruşan Azərbaycan əsgəri son günlərdə cəbhə xəttində Ermənistanın növbəti təxribatına layiqli cavab verməklə, xalqımızın hərb səlnaməsinə sücaət nümunəsi daxil etdi. Azərbaycan ordusu bu qələbəni qazanmaqla öz gücünü hər kəsə göstərdi. Ordumuz qazandığı qələbəylə nəyinki dünyaya, hətta Azərbaycan ordusunda nizam-intizamın olmaması, ordunun maddi-texniki bazasının və ərzaq təchizatının aşağı səviyyədə olması barədə  qaraguruhçu fikirlər söyləyən bəzi həmvətənlərimizə də tutarlı cavab verdi. Yəni, hər kəs Azərbaycan ordusunun qüdrətinin, gücünün və vətənpərvərliyinin şahidi oldu.
 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin“ Lazım gələrsə biz öz torpaqlarımızı hərb yolu ilə azad edəcəyik”  dediyi fikri bu gün qüdrətli Azərbaycan əsgəri göstərdiyi qəhrəmanlıqla, qazandığı uğurla sübüt etdi. Həmçinin torpaq uğrunda şəhid olmuş Azərbaycan əsgərinin dövlət bayrağına bükülmüş nəşini hətta onun valideyni və yaxınları belə qürurla dəfn edərək, “Vətən sağolsun” dedilər. Bu o deməkdir ki, Azərbaycan əsgəri şücaət göstərməklə yanaşı, eyni zamanda xalqımızın içində olan vətən sevgisini parlaq bir müstəvi üzərinə qaldırdı.
 
Ordumuzun qazandığı uğurun,eyni zamanda dövlətə və orduya  olan güvənin nəticəsidir ki, Azərbaycanda könüllülük hərəkatı sürətləndi. Bildiyiniz kimi, bu günlərdə minlərlə gənclərimiz könüllü olaraq vətənin müdafiəsinə qalxmış, hətta bəzi həmvətənlərimiz  özbaşına olaraq cəbhə xattinə əsgərlərimizə kömək etmək məqsədilə getmişdilər. Təbii ki, bu günkü gündə Azərbaycan ordusunun möhkəm maddi-texniki bazası olmaqla yanaşı, vətənin müdafiəsində dayanan kifayət qədər canlı qüvvəmiz,əsgərlərimiz var ki, həmin könüllülərə ehtiyac olmadığı üçün geri qaytarıldılar. Azərbaycan ordusunun bu qələbəsi həm də dünya azərbaycanlılarının və turk soylu xalqların birliyini, Azərbaycan Respublikasına dəstəyini daha da möhkəmləndirdi. Bunu xarici telekanallarda göstərilən sujetlər və xaricdə yaşayan insanların orduya dəstək məqsədilə etdiyi müraciətlərdən,keçirdikləri aksiyalardan də görmək mümkündür. Bununla Azərbaycan xalqı bütün dünyaya  sübüt etdi ki, istənilən vaxt birləşə bilər və lazım gəldikdə torpaqlarımızı hərb yolu ilə azad edərik.
 
- Rafael müəllim baş verən son hadisələrdən sonra Beynəlxalq təşkilatlardan, konkret olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətində müsbətə doğru dəyişiklik gözləyirsiniz?
 
- Əvvala onu deyim ki, cənab Prezident İlham Əliyev bütün çıxışlarında və eləcə də beynəlxalq tədbirlərdəki bütün görüşlərində həm Ermənistan respublikasına, həm də ATƏT-in Mins qrupuna səslənənərək bu problemin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun şəkildə sülh yolu ilə həll edilməsini bildirmişdir. Təbii ki, məsələnin həllinin sülh yolu təklif olunması Azərbaycanın gücsüzlüyünün deyil, əksinə Ermənistan qarşında böyük hərbi gücə malik olan dövlətin sülhsevərliyinin, siyasi təvazükarlığının və səbrliyinin nümayişidir. Amma təəssüflər olsun ki, Ermənistan Azərbaycan xalqının və dövlətinin bu humanist keyfiyyətlərindən sui-istifadə edərək qeyri-konstruktiv mövqe tutdu, ATƏT-in Mins qrupu isə fəaliyyətsizlik göstərdi. Elə buna görə də baş verən bütün hadisələrə və tökülən qana görə məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin və ATƏT-in Minsk qrupunun üzərinə düşür. 20 ildən çoxdur ki, atəşkəs rejimi haqqında razılıq əldə olunub, amma demək olar ki, Ermənistan tərəfi hər gün atəşkəs rejimini pozur. Acınacaqlı hal budur ki, Ermənistanın əsas hədəfi isə dinc əhalidir. Burada da erməni xisləti özünü göstərir. Çünki, açıq döyüş şəraitində Azərbaycan ordusunun gücü və qüdrəti qarşısında məğlub olacağını bilir. Elə son hadisələr də onu sübüt etdi ki,Azərbaycan əsgəri Ermənistan ordusunun qüdrəti haqqında yaranmış qondarma “mif”i dağıtdı.Elə bu “mif”in dağılması ilə hətta işğal zonasında məskunlaşmış dinc erməni əhalisi də anladı ki,bu torpaqlarda yaşaya bilməzlər, çünki, bu torpaqlar onların deyil. Baş vermiş son hadisələrdən sonra Azərbaycan əsgərinin gücünü, qüdrətini və Azərbaycan ordusunun döyüş əzmini nəyin ki,Ermənistan ordusu, nəyinki, xaricdə yaşayan erməni diasporunun üzvləri, hətta bu qələbə qarşısında aciz duruma düşmüş Ermənistanın siyasi rəhbərliyi də gördü.
 
O ki qaldı ATƏT-in Mins qrupunun fəaliyyətində yarana biləcək dəyişikliyə, mən buna inanmıram. Bu problemi yalnız cənab Prezidentin apardığı uğurlu siyasət və lazım gəldiyi anda Ali Baş Komandanın əmrini icra edərək torpaqlarımızı azad etmək gücünə malik olan Azərbaycan əsgəri  həll edəcək./ucnoqta.az/