“Əsrin Müqaviləsi”-Azərbaycanın dünyaya pəncərəsidir

 

Tarix : 2019/09/07 11:47     Kateqoriya : İQTİSADİYYAT    


	“Əsrin Müqaviləsi”-Azərbaycanın dünyaya pəncərəsidir

	 

“Əsrin müqaviləsi”:  Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı

Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının ayrı-ayrı məqamlarının üzərinə işıq saçan və bu strategiyanın mahiyyətini daha aydın başa düşməyə imkan verən faktlara nəzər salarkən neft emalı sahəsində onun  yeritdiyi müdrik iqtisadi siyasətə də nəzər yetirmək lazımdır. Bu siyasət nəticəsində Bakıda nəhəng neftayırma kompleksi yaradıldı və müəssisələr başdan-başa yenidən quruldu. Neftçilərin rifah halının yaxşılaşdırılması və sosial məsələlərin həlli Heydər Əliyevin daim diqqət mərkəzində oldu.  Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə neftçilər, xüsusən Xəzər neftçiləri üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdı. 1970-ci illərin sonlarında neftçilərin mənzilə olan ehtiyacı 95 faizdən də çox ödənilmişdi. O böyük insan – Heydər Əliyev həqiqətən dəniz neftçilərinə xüsusi qayğı göstərirdi.

Neft daşları yatağının 25 illik yubileyinin böyük tənətənə ilə qeyd edilməsi, Ümummilli Liderin bu münasibətlə Neft daşlarında olması və bənzərsiz dəniz şəhəri əməkçilərinin fədaakrlığını, uğurlarını yüksək qiymətləndirməsi bu qayğının daha bir parlaq təzahürü idi.

Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində böyük nailiyyətlər əldə edən Azərbaycanın neft sahəsində iqtisadi əlaqələr pozulmuş, təchizatla bağlı problemlər həddindən artıq kəskinləşmiş, neft sənayesi, sözün əsl mənasında, iflic olunmuşdu. Neft və qaz hasilatının səviyyəsi getdikcə aşağı düşmüşdü. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dənizin dərin hissəsindəki sahələrinin mənimsənilməsi üçün isə respublikaının vəsaiti və müasir texnikası yox idi. Problemin həllinin yalnız bir yolu qalırdı: dünyanın nəhəng, qüdrətli şirkətlərini, onların maddi və texniki potensialını Azərbaycana cəlb etmək! Heydər Əliyevin rəhbərliyi altında ARDNŞ bu yolu – Azərbaycanın milli maraqlarına tamamilə uyğun gələn yolu seçdi. Ulu Öndərin yeni neft strategiyasının təməli “Əsrin müqaviləsi” imzalanan gün qoyuldu və 1994-cü ilin 20 sentyabrı tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq səhifəsi kimi yazıldı. Ümummili Lider Heydər Əliyevin fərmanı ilə həmin gün sonralar Neftçilər Günü kimi  əbədiləşdirildi. Neft daşları yatağının kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdirsə, Ulu Öndər Heydər Əliyev iradəsi ilə gerçəkləşmiş “Əsrin müqaviləsi” müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi. Heydər Əliyev tərəfindən böyük siyasi uzaqgörənliklə seçilmiş Bakı-Tbilisi-Ceyhan marşrutu nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verdi, həmçinin İpək Yolunun dövlətləri üçün də əsas magistral yol oldu.

1994-cü ildən başlayaraq Azərbaycanda hər il ənənəvi “Xəzərneftqaz” beynəlxalq sərgi-konfransının keçirilməsi də Ümummilli Liderin adı ilə bağlıdır və onun böyük ideyalarından biridir. Heydər Əliyevin təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində əvvəlcə Qazaxıstan, sonra Rusiya, Türkmənistan və İran sektorial bölgü prinsipini qəbul etdilər. Xəzərin sektorlara bölünməsi prinsipinin qəbul edilməsinin özü Heydər Əliyev müdrikliyi və qətiyyəti sayəsində qazanılmış böyük nailiyyətdir.

Bu sətirləri yazarkən istər-istəməz Ulu Öndər Heydər Əliyevin 12 iyul 1999-cu ildə “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimindəki yekun nitqindən bir məqamı dilə gətirməyi labüd bildim. Ulu Öndər demişdi: “Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim zamandan – 1970-1980-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim. Əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-tezniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik... Bu gün “Şahdəniz” konsorsiumunun prezidenti bəyan etdi ki, 400 mliyard kubmetr qaz var, ancaq 700 mliyard kubmetrə qədər çata bilər...”.

Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan və 1994-cü ilin dekabrından qüvvəyə minən  “Əsrin müqaviləsi” sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə Azərbaycanın inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı, siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. 

1993-cü ildə dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan Cənab İlham Əliyev  Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirdi, danışıqlar apardı, xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf etdi. “Əsrin müqaviləsi” ilə hörmətli Prezident Azərbaycanda nəhəng və uğurlu neft siyasətinə başladı. 

Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, həm də ən mühümü çıxarılan nefti xarici bazarlara çatdırmaq üçün neft kəmərlərinin inşası idi. Doğrudur, bu məqsədlə sovet dövründən qalan neft kəmərlərindən (Bakı-Novorossiysk, Bakı-Supsa) müəyyən təmir və yenidənqurma işləri aparıldıqdan sonra istifadə edilə bilərdi və edildi də. Lakin Azərbaycan neftinin taleyini yalnız həmin kəmərlərin öhdəsinə buraxmaq gələcəkdə böyük problemlər yaradar, ölkəmizi asılı vəziyyətə sala bilərdi. Buna görə də neft kəmərlərinin (sonralar isə həm də qaz kəmərlərinin) şaxələndirilməsinə (diversifikasiyasına) nail olmaq müstəsna əhəmiyyət kəsb edən bir problem kimi qarşıda dururdu. Ciddi maneələrə baxmayaraq, Ulu Öndərin bu ideyası da reallığa çevrildi. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikintisi “Əsrin müqaviləsi” kimi çox möhtəşəm tarixi hadisə sayılır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilib istifadəyə verilməsi təkcə ona görə tarixi hadisə sayılmır ki, o, ilk dəfə olaraq Xəzər dənizinin neftini Aralıq dənizinin bazarlarına çıxardı, həm də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. Bölgədəki çox çətin geosiyasi vəziyyətə baxmayaraq, xarici investorlar bu layihəyə də böyük vəsait cəlb etdi, beynəlxalq maliyyə qurumları isə öz dəstəklərini göstərdilər. Bununla neft kəmərlərinin şaxələndirilməsi ilə bağlı ideya da reallaşdırıldı. Bu gün artıq üç istiqamətdən nəql edilən neftimiz dünya bazarlarına çox etibarlı şəkildə çatdırılır.

BTC-nin reallaşması dahi şəxsiyyət Heydər Əliyevin neft strategiyasının ikinci böyük təntənəsidir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin məhək daşına çevrilməklə azad iqtisadi mexanizmlərin tətbiqini, dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək ölkəmizin inkişafında müstəsna əhəmiyyətə malik rol oynadı. Neftdən gələn gəlirlər sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edildi, yüz minlərlə yeni iş yeri açıldı. İlbəil artan büdcə gəlirləri sosial sahələrin inkişafına imkan verdi. Təhsilə və səhiyyəyə, eləcə də cəmiyyət həyatının digər sahələrinə yönəldilən vəsaitlər neft gəlirlərindən səmərəli istifadənin göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən qüdrətli dövlətə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə nitqində demişdir: “Heydər Əliyevin neft strategiyası bu gün yeni istiqamətlərlə zənginləşdirilmişdir.  Həmin strategiya bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verir. Hazırda biz yeni layihələr üzərində işləyirik. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi uğurla icra edilir. Bu da dünya miqyasında nəhəng layihədir. Sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilibdir. Beləliklə, biz “Cənub Qaz Dəhlizi” layihəsini də uğurla icra edirik, əminəm ki, tam da icra edəcəyik”.

Neft ixrac edən bəzi ölkələr dünya bazarında qara qızılın qiymətinin düşməsindən əziyyət çəksə də, Prezident İlham Əliyev bu böhranın Azərbaycan iqtisadiyyatına təsirini azalda bilib. Neftdən asılılığın azaldılmasına dair konkret tədbirlər paketi icra olunub, gəlir mənbələri aşkarlanıb, ölkədə qeyri-neft sektorunun inkişafına təkan verilib.

Həmin tarixi tədbirdəki niqtində Prezident demişdir: “...mən hesab edirəm ki, neft-qaz sektorunda əldə edilmiş bütün nəticələr proqram üzrə gedir və nəyi əldə etmək istəmişiksə, onu da əldə etmişik. Bir dənə də olsun icra edilməmiş və qrafikdən çıxmış layihə yoxdur. Ona görə təbii ki, qeyri-neft sektoru prioritetdir. Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq”.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, bu inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdə bilməsi, iri layihələrin reallaşdırılması, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə artması Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur. Şübhə yoxdur ki, bu siyasət bundan sonra da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdir.

“SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur”

 

Xəyalə  SÜLEYMANQIZI