Ölümə qalib gələn Kardiologiya İnstitutu

Tarix : 2019/09/26 10:16     Kateqoriya : SƏHİYYƏ    


	Ölümə qalib gələn Kardiologiya İnstitutu

Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun növbəti yenilikləri

Ölkəmizin Prezidenti Cənab İlham Əliyevin əhalimizin sosial rifahının və sağlamlığının yüksək səviyyəyə qaldırması siyasəti nəticəsində ölkəmizdə səhiyyə müəssisələrinin yenilənməsi danılmaz bir faktdır. Bunların arasında C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu da vardır. Uzun bir təkamül dövrü keçmiş bu elmi müəssisə bu gün öz elmi nailiyyətləri ilə səhiyyə ocaqları arasında özünəməxsus yer tutmuşdur. Hazırda İnstitutda Azərbaycanda yeganə olaraq ürək-damar ağırlaşmalarının proqnozunda vacib amillərdən biri olan Mərkəzi Aortal Təzyiqin ölçülməsi təmin edilir.

Təməli Azərbaycan Kardiologiya Cəmiyyəti ilə başlayan Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu müasir günümüzdə öz elmi nailiyyətləri ilə ölkəmizin hüdudlarından kənarda da kardiologiya sahəsində yeni uğurlara imza atmışdır. Uzun bir elmi axtarışlar bu gün öz səmərəsini verməkdədir.

Fakt-Araşdırma”-nın əməkdaşı klinikanın müasir avadanlıqlarla təchiz olunmuş bütün şöbələrini gəzərək yeniliklərlə tanış olub, oxucularımızın nəzərinə çatdırır. Onu da qeyd edim ki, paytaxtımızda 5 nömrəli klinik xəstəxananın həyətində yerləşən bu Tədqiqat İnstitutu artıq 5 nömrəli xəstəxana kimi deyil, hətta keçmiş SSRİ dövründə də öz nailiyyətləri ilə tanınan Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.

Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində İnstitutun yeni təyin olunmuş direktoru, Tibb elmləri doktoru Gülnaz xanım Dadaşovanın səyi ilə maddi-texniki baza yenilənmiş, bütün şöbələr yeni və müasir avadanlıqlarla təchiz olunmuşdur.

Gülnaz Dadaşova bizimlə söhbəti zamanı qeyd etdi ki, müasir dövrümüzdə ürək-damar xəstəliklərindən ölüm sayının azalması tibb aləmində əhəmiyyətli hadisə hesab edilir: ”Məhz buna görə də biz kardiologiyanın müasir vəziyyətini müzakirə etdik, arterial və ağciyər hipertenziyası, ateroskleroz və dislipidemiya, ürəyin işemik xəstəliyi və miokard infarktı, ürək ritminin pozulması, tromboz və trombemboliya və s. kimi mühüm əhəmiyyətli problemləri həll edərək ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında əldə edilmiş müasir nailiyyətlər əsasında tibbin inkişafında müasir yanaşmanı gözdən keçirərək növbəti uğurlara imza atdıq. Bu yeniliklərin nəticəsində xəstələrimiz effektli və xəstəliyin erkən dövründə göstərilən lazımi kardioloji yardımdan Elmi Tədqiqat Kardiologiya institutunda geniş şəkildə yararlana bilirlər”.

Xəstələrlə söhbətimiz zamanı göstərilən xidmətlərdən razılıqla danışıldı. Bunlar sadəcə söz xatirinə olmadığını biz əyani olaraq gördük. Çox illər əvvəl gümansız hesab edilən xəstə Nağıyeva Alidə Mirzəhəsən qızı bu gün yaşamağını məhz bu kollektivin qələbəsi hesab edir. Dilitasion kardiomiapatiyası, ürək çatışmamazlığı 4-cü fəsil diaqnozu ilə müalicəsi yalnız xaricdə ürəkdəyişmə ilə mümkün hesab edilən xəstə bu gün, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Fərəcova Nailə xanımın səyi nəticəsində yaşayır. “Mən bu diaqnozla tamam ümidimi həyatdan kəsmişdim, maddi imkanım xaricə müalicəyə getməyə imkan vermirdi. Son ümidim kimi Kardiologiya İnstitutuna üz tutdum. İnstitutun kollektivinin və ən əsası Nailə xanımın biliyi məni ölümün cəngindən aldı. Nailə xanım mənə xəstəliyimlə necə mübarizə aparmağı öyrətdi. Bu gün rahatlıqla nəfəs ala bilirəm və yaşamağımın səbəbkarı kimi Nailə xanım başda olmaqla bütün kollektivə minnətdaram”.

Qeyd edim ki, həmin xəstə hər 6 aydan bir sözügedən tibb müəssisəsində müalicəsini davam etdirir. Xəstənin yaxınları Nağıyeva Alidənin yaşamasını bir möcüzə hesab edirlər.

Azərbaycan səhiyyəsinin inkişafı Kardiologiya İnstitutunun da belə möcüzələrə yol açmasına zəmin yaradıb. Bütün bunlar onu deməyə əsas verir ki, hər bir Azərbaycan vətəndaşı öz ölkəsinin səhiyyəsinə güvənə bilər. Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutun alim - həkim heyəti ürək-damar xəstəliklərinin bütün sirrlərini bilirlər və onlarla mübarizə aparmağı bacarırlar. Artıq günlər qət edib hər-hansısa başqa uzaq ölkələrə şəfa tapmağa getməyə ehtiyac qalmır.

 

İnstitutla tanışlığımız davam edəcək...

Öncəki reportajımızın linki: https://faktat.az/?emr=xeberoxu&id=3595

Xəyalə Süleymanqızı