Həyat yoldaşına bədən xəsarəti yetirən şəxs saxlanıldı

Tarix : 2019/10/26 12:47     Kateqoriya : ARAŞDIRMA    


	Həyat yoldaşına bədən xəsarəti yetirən şəxs saxlanıldı

Sosial şəbəkələrdə əri tərəfindən xəsarət yetirilmiş qadının xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılmışdır.

Belə ki, oktyabrın 25-də saat 16 radələrində 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızının kəsilmiş-deşilmiş xəsarətlə müalicə müəssisəsinə yerləşdirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir.

Baş Prokurorluqdan “Faktat.az”-a verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla Rafail Tanrıverdiyevin yaşadıqları evdə ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Mənzərə Tanrıverdiyevaya xəsarət yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulmuşdur.

R.Tanrıverdiyev müdafiəçinin iştirakı ilə dindirilərkən həyat yoldaşına bədən xəsarəti yetirməsini etiraf etmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.