İşəgötürənlərin işçi qüvvəsinə dair tələbatlarının öyrənilməsi üçün e-sistemdə sorğu davam edir

Tarix : 2019/10/28 16:07     Kateqoriya : SOSİAL    


	İşəgötürənlərin işçi qüvvəsinə dair tələbatlarının öyrənilməsi üçün e-sistemdə sorğu davam edir

Artıq 500-ə yaxın işəgötürən sorğuda iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərin cari və perspektiv planda işçi qüvvəsinə dair tələbatının öyrənilməsi məqsədilə nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində aparılan sorğu davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Faktat.az”-a verilən məlumata görə, artıq 500-ə yaxın işəgötürən sorğunu savabanlandırıb.

Sorğuda “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualını müsbət cavablandıran işəgötürənlər növbəti “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualına cavab yazırlar. Məşğulluq təsnifatı üzrə təqdim edilən siyahıdan onlar üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələb yaranacağını qeyd edərək sistemə daxil edirlər.

Belə bir sorğunun keçirilməsi istehsal və xidmət sahələrində yaxın və ortamüddətli dövrdə işçi sayında hansı dəyişikliklərin gözlənildiyi, hansı peşə və ixtisaslara, əmək bacarıqlarına malik işçi qüvvəsinə tələbatın artacağı barədə real vəziyyəti əks etdirən məlumatların əldə edilməsinə xidmət edir. Bu isə nazirlik tərəfindən əmək bazarı proqramlarının, həmçinin peşə hazırlığı və yenidənhazırlıq tədbirlərinin işəgötürənlərin işçi qüvvəsinə tələbatına daha uyğun şəkildə, məqsədyönlü hazırlanması və həyata keçirilməsində xüsusi önəm kəsb edir.