Hikmət Hacıyev: «Ermənistan xarici işlər nazirinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir»

Tarix : 2020/04/22 13:29     Kateqoriya : MÜSAHİBƏ    


	Hikmət Hacıyev: «Ermənistan xarici işlər nazirinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir»

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavabı ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Bu barədə nə deyərdiniz?

-Ermənistanın xarici işlər naziri sözügedən açıqlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkir. Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur. Bu, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir.

Ermənistan-Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunmuşdur. Həmçinin həmsədrlərin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunmuşdur.

BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 21-də A.M.Qarçakov adına ictimai diplomatiyaya dəstək klubunun üzvlərinin dəyirmi masasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə toxunmuş və Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair plan və təkliflər barədə danışmışdı.

Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar.

Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə təşkil edilmiş açıq debatda bir daha qəti şəkildə ifadə olunmuşdur.

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz seçkilərlə əlaqədar beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın mövqeyinə böyük zərbə oldu. Bu qanunsuz xunta rejimini heç kim tanımır. Çoxsaylı beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa İttifaqı, NATO, Avropa Parlamenti, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və s. bu seçkiləri tanımayan bəyanatlarla çıxış etdilər. Münaqişə Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. /AZƏRTAC/